“Bu səbədən hərəkət iflic olur, xaos yaranır” - Ekspert

 “Bu səbədən hərəkət iflic olur, xaos yaranır” -  Ekspert
  09 Yanvar 2019    Oxunub:2010
“Dövlətə məxsus yeraltı parklanma yerlərində qiymətlərlə bağlı təzaqlı məlumatlar yayılır. Düşünürəm ki, indiki vaxtda qiymətləri artırmaq və ya müxtəlif güzəştli xidmət zərflərini ləğv etmək ciddi səhv olar”.
Azvision.az xəbər verir ki, bunu yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, əsasən iki məqama diqqət edilməlidir.

“Birincisi, Bakının küçə və prospektlərində parklanmalarla, o cümlədən qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur, xaos və tıxac yaranır. Belə şəraitdə şəhərin mərkəzində parklanma yeri axtaran sürücüləri yeraltı parklanmalardan istifadəyə sövq etmək lazımdır. Elə güzəştli qiymətlər və həvəsləndirici şərtlər tətbiq etmək lazımdır ki, heç kəs həmin parklanmalardan istifadədə tərəddüd etməsin. Amma qiymətin qaldırılması və güzəşt zərflərinin ləğvi və ya ağırlaşdırılması bunun əksini edəcək. Belə olsa, indi oradan istifadə edənlərin xeylisi yuxarıda - mərkəzdəki küçə və prospektlərdə parklanma yeri axtaracaq. Belə yer isə yoxdur. Deməli, ikinci cərgədə və qadağan olunan yerlərdə parklananların sayı artacaq. Nə qədər sərt mübarizə aparılsa da, bu, qaçılmaz olacaq. Başqa sözlə, mərkəzdə parklanma xaosu bir az da artacaq.
İkincisi, qiymətlərin qaldırılması və ya güzəştli istifadənin ləğvi iqtisadi baxımdan da yanlışdır. Qeyd etdiyim kimi, bəzi adamlar həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerləri yarıboş qalacaq və təbii ki, daxilolmalar azalacaq”, - deyə ekspert vurğulayıb.

Ə.Hüseynov hesab edir ki, bu iki məqam qiymətlərin nəinki qaldırılmasının, hətta azaldılmasının və güzəştlərin genişləndirilməsinin zəruriliyinin aydın olması üçün kifayətdir: “Məsələn, düşünürəm ki, oralardan mütəmadi istifadə edənlərə təkcə biraylıq yox, hətta bir illik zərf təklif etmək lazımdır. Özü də elə qiymət olmalıdır ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun. Həmin parklanma yerlərindən epizodik istifadə edənlər üçün da maraqlı həvəsləndirici ideyalar düşünmək lazımdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Parklanma  





Xəbər lenti