Vətəndaşlığı pulla satan ölkələr: 10 ildə 25 milyard avro (FAKTLAR)

 Vətəndaşlığı pulla satan ölkələr:  10 ildə 25 milyard avro (FAKTLAR)
  09 Yanvar 2019    Oxunub:7097
Avropa İttifaqı digər ölkələrin varlı şəxslərinə pul qarşılığında vətəndaşlıq satır. Aİ-yə daxil olan dövlətlər “Qızıl Viza” (OturUM izni) və ya “Qızıl Pasport” (Vətəndaşlıq) olaraq adlandırılan sistemlər vasitəsilə son 10 ildə 25 milyard avro gəlir əldə edib.
Azvision.az xəbər verir ki, bu barədə “Deutsche Welle”nin yayımladığı məqalədə qeyd olunur. Bildirilir ki, Aİ ölkələri son 10 il ərzində böyük miqdarda pul qarşılığında 6 min nəfərə vətəndaşlıq, təxminən 100 min nəfərə isə oturum izni verib.



“Transparency International”ın məlumatına görə, daşınmaz əmlak satışı və ya yerli şirkətlərdən birinə yatırım qarşılığında verilən “Qızıl Viza” və ya “Qızıl Pasport” sistemindən istifadə edən lider ölkə İspaniyadır və hər il təxminən 1 milyard avro gəlir əldə edir. Sonrakı yerləri isə Kipr (914 milyon), Portuqaliya (670 milyon), Böyük Britaniya (498 milyon), Macarıstan(434 milyon), Yunanıstan (250 milyon), Malta (205 milyon) və Latviya (180 milyon) tutur. Təkcə Kipr 2013-cü ildən bu günə qədər satdığı pasportlara görə, 4 milyard 800 milton avro gəlir əldə edib.



Məqalədə vurğulanır ki, Aİ ölkələrindən ən çox oturum izni və ya vətəndaşlıq alanlar Çin və Rusiya vətəndaşlarıdır. Son 5 ildə təxminən 7 min 200 çinli pul qarşılığında İspaniyadan vətəndaşlıq və ya oturum izni alıb. Macarıstan isə 5 min 431, Portuqaliya 3 min 936 çinliyə bu hüquqları verib.

Bundan əlavə, Latviya 12 min, İspaniya 4 min 700 rusiyalıya vətəndaşlıq və ya yaşamaq üçün icazə verib. Aİ-dən pul qarşılğında vətəndaşlıq və ya oturum alanlar arasında ABŞ vətəndaşları da var. Bu üsulla 5 ildə İspaniya 4 min 327, Böyük Britaniya isə 187 amerikalıya vətəndaşlıq və ya oturum izni verib.



Aİ ölkələrindən vətəndaşlıq və ya yaşamaq icazəsi almaq üçün orta hesabla 900 min avro lazımdır. Bunu Yunanıstan və Latviyada 250 min, Kiprdə 2 milyona, Avstriyada isə 10 milyon avroya reallaşdırmaq mümkündür.

Mütəxəssislər hesab edirlər ki, hazırda dünyada 13 milyard dollar olan vətəndaşlıq və oturum izni bazarı bir neçə il ərzində 20 milyard dollara çatacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər:   Viza   Pasport  





Xəbər lenti