Erməni hərbçilərin törətdiyi yol qəzaları - 579 yaralı

  09 Yanvar 2019    Oxunub : 2232
 Erməni hərbçilərin törətdiyi yol qəzaları - 579 yaralı
Ermənistan Fövqəladə Hallar Nazirliyinin dekabrda hazırladığı statistik məlumatlar bu ölkədə böyük narahatlığa səbəb olub.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, aparılmış araşdırmalar zamanı Ermənistan Müdafiə Nazirliyinin və işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşdirilən düşmənin ümumqoşun ordusunun hərbi qulluqçularının iştirakı ilə son beş il ərzində baş vermiş nəqliyyat qəzaları və onların səbəbləri haqqında statistik məlumatlar toplanıb.

Məlumatlardan məlum olur ki, son beş il ərzində erməni hərbi hissələrinin balansında olan yük maşınlarının törətdiyi 28 qəza nəticəsində 13 hərbçi ölüb, 285 hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 2018-ci il 18 noyabr tarixinədək olan statistikaya əsasən, hərbi maşınların iştirakı ilə baş verən yol qəzalarında 294 mülki şəxs ölüb.

2013-2018-ci illərdə Ermənistan hərbi birləşmələrinin balansındakı yük avtomobillərinin qəzaya uğraması ilə bağlı 58 cinayət işi açılıb. Qəzalarla bağlı açılan cinayət işlərindən məlum olur ki, hadisələrin 4-ü texniki problemlər, maşınların nasazlığı, istismara yararsızlığı, 4-ü xidmətin düzgün təşkil edilməməsi, nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması, çıxışdan əvvəl avtomobillərin təlimata uyğun yoxlanılmaması, 43-ü isə sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin hazırladığı statistikaya əsasən, 2013-2018-ci illərdə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirən zaman nəqliyyat və yük avtomobillərinin aşması ilə nəticələnən 101 hadisə baş verib.

Qəzaya uğramış yük avtomobillərindən 22-si Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində, 35-i isə Ermənistandakı hərbi hissələrdə qeydiyyatdadır.

Azvision.az

Teqlər: Ermənistan