Raketlə silahlanan gözətçi gəmisi - “Tufan”da daha nələr var?
“Tufan” layihəli sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr, eni 7.62 metr, su basımı 470 tondur. Gəmidə 2 dizel və əlavə olaraq 1 qəza dizel generatoru mövcuddur. Altı ballıq dalğalarda üzə bilən “Tufan” layihəli gəmilərin sürəti 32 düyün, fasiləsiz üzmə sürəti 28 düyün, ekonom sürəti isə 18 düyün təşkil edir. Gəminin idarəetmə mərkəzi sensorlu monitorlarla təchiz olunub.
Hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”lar 25 km atış mənzilinə sahib idarə olunan “Spike-NLOS” raketləri ilə silahlandırılıb. Gəminin əsas raket silahı olan “Spike-NLOS” izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəflərini dəyişmək olar. Bundan başqa, gəmidə, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu və “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik sistemi yer alır.
“Toplite” elektro-optik kompleksi gəminin döyüş idarəetmə sisteminə inteqrasiya edilib. Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı daxildir. Radar sistemi uzaq məsafədən suüstü və 80 km məsafədən hava hədəflərini aşkarlaya bilir. Bundan başqa, gəmilərin raketlərdən mühafizəsi WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneəqoyma kompleksi hesabına təmin olunur. Bütün gəmilər uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün sonar sistemi ilə təchiz edilib. “Tufan” layihəli gəmilərin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib-qalxması mümkündür.
Anar Kəlbiyev
Azvision.az