Azərbaycanda əlillik təyinatı 61 faiz azalıb

Azərbaycanda əlillik təyinatı 61 faiz azalıb
  12 Yanvar 2019    Oxunub:2428
Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Nazir qeyd edib ki, hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib.

"Hesabat ilində işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi islahatları da davam etdirilib. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb. Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb", - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti