“Ermənistan işğalı möhkəmləndirməyə çalışır” - Hikmət Hacıyev

  12 Yanvar 2019    Oxunub : 1651
“Ermənistan işğalı möhkəmləndirməyə çalışır” - Hikmət Hacıyev
İşğala əsaslanan status-kvo qəbuledilməzdir. Ermənistan “fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışır.
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” televiziyasına müsahibəsində deyib.

Şöbə müdiri münaqişənin fundamental əsasını Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasəti təşkil etdiyini vurğulayıb, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədildiyini, milyondan çox azərbaycanlının hələ də qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qaldığını deyib.

O əlavə edib ki, münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin əsasının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı və digər sənədlərdə təsbit olunduğunu deyən H.Hacıyev Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra münaqişənin siyasi həlli üçün imkanların yarana biləcəyini diqqətə çatdırıb.

Düşənbə Zirvə toplantısına toxunan şöbə müdiri Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətin olduğunu xatırladaraq Azərbaycan Respublikasının öz konstruktiv mövqeyini bir daha nümayiş etdirdiyini bildirib. Əlavə edib ki, Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdır. Belə ki, Azərbaycan 26 ildən çoxdur işğaldan əziyyət çəkir. Prezident Administrasiyasının rəsmisi hazırda münaqişənin həlli üçün əlverişli imkanların olduğuna diqqəti çəkərək Ermənistanın hökumət formalaşdıqdan sonra problemin həlli istiqamətində addımlar atmalı olduğunu qeyd edib.

Aparıcının “Etnik barışıq mümkündürmü” sualına cavab verən şöbə müdiri bildirib ki, Azərbaycan özünün multikultural dəyərləri və tolerantlıq mədəniyyəti ilə fəxr edir. Münaqişənin həlli prosesi çərçivəsində etnik barışıq çətin və vaxt tələb edən məsələ olsa da, bu, mümkündür. Bunun üçün, ilk növbədə, Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu əsnada etimad quruculuğu tədbirləri həyata keçirilə, hərtərəfli regional əməkdaşlıq bərpa oluna və etnik barışıq təmin edilə bilər.

Hikmət Hacıyev hazırda Ermənistanın təcrid vəziyyətində olduğunu, nəqliyyat imkanlarına çıxışı olmadığını deyərək, münaqişənin həlli nəticəsində Ermənistanın regional əməkdaşlıq imkanlarından faydalana biləcəyini deyib. Eyni zamanda, o, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməli, qonşu dövlətlərə münasibətdə beynəlxalq hüquqa əsaslanan siyasət yürütməli və Ermənistan hakimiyyətinin öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalı olduğunu diqqətə çatdırıb.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev   PA   Ermənistan