Vyetnamda Azərbaycanla bağlı tədbir keçirilib

  13 Yanvar 2019    Oxunub : 751
Vyetnamda Azərbaycanla bağlı tədbir keçirilib
Hanoy şəhərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin binasında Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan ilə tanışlıq-2019” adlı tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirin məqsədi Vyetnam bölgələrinin nümayəndələrinin Azərbaycan haqqında məlumatlandırılması, ölkələrimizin bölgələri arasında birbaşa əlaqələrin qurulması imkanlarının müzakirə edilməsi, habelə Vyetnam biznesinin Azərbaycana cəlb edilməsinin təşviqi olub. Tədbirə Vyetnamın iyirmiyə yaxın əyalətinin rəhbərləri və müxtəlif təşkilatlarının nümayəndələri qatılıb.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən səfir Anar İmanov son illər ərzində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vyetnam dostluq münasibətlərinin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnam Prezidenti Xo Şi Min tərəfindən qoyulduğunu xüsusi vurğulamışdır. Həmçinin A.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin zəngin tarixi keçmişə əsaslanan münasibətlərimizin parlaq tarixində yeni səhifə açdığını qeyd edib. Öz çıxışında A.İmanov müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyatı və siyasi fəaliyyətlərindən bəhs edib, ölkəmizin bügünkü sürətli inkişafının məhz bu dövlət xadimlərinin adı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

A.İmanov hazırda dinamik şəkildə inkişaf edən Azərbaycanın hər iki ölkənin bölgələri arasında münasibətlərin bütün spektri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirərək Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunduğu 2019-cu ildə hər iki tərəfin səyləri sayəsində sözügedən istiqamətdə ciddi irəliləyişlərin əldə olunacağına ümid bəslədiyini qeyd edib.

Öz növbəsində toplantıda çıxış edən Vyetnam Xarici İşlər Nazirliyinin Əyalətlər ilə İş üzrə İdarəsinin Baş direktoru Nguyen Hoang Long dərin köklərə əsaslanan münasibətlərimizin sürətlə inkişaf etdiyini böyük razılıq hissi ilə etiraf edib. Nguyen Hoang Long mürəkkəb dövrlərdə Azərbaycan tərəfinin Vyetnama göstərdiyi yardımı yüksək qiymətləndirərək bu köməkliyin xalqının yaddaşından heç bir zaman silinməyəcəyini bildirib.

Həmçinin Nguyen Hoang Long Vyetnam tərəfinin Azərbaycan ilə bütün istiqamətlər üzrə, o cümlədən bölgələrarası əməkdaşlığı genişləndirmək əzmində olduğunu xüsusi vurğulayıb. Nguyen Hoang Long şahidi olduqları Azərbaycanın son illər ərzindəki sürətli inkişafından böyük sevinc hisslərini keçirdiklərini bildirərək Vyetnam tərəfinin Azərbaycanın müxtəlif sahələrdəki geniş imkanları və zəngin təcrübəsindən faydalanmaq niyyətində olduğunu qeyd edib.

Nguyen Hoang Long bu kimi tədbirlərin keçirilməsinin Vyetnam-Azərbaycan münasibətlərinin bütün istiqamətləri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini və xalq arasındakı əlaqələrin möhkəmləndirilməsini təşviq edəcəyinə əminliyini ifadə edib.

Tədbir yuxarıda qeyd olunan istiqamətlər üzrə panellərə bölünüb. Vyetnam əyalətlərinin rəsmiləri və həmin vilayətlərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycan ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını bildirərək ölkələrimiz arasında logistika, infrastruktur və beynəlxalq daşımalar, turist səyahətlərinin həcminin artırılması və turizm infrastrukturunun inkişafı, habelə kənd təsərrüfatı mallarının yetişdirilməsi, qablaşdırılması və satışı üzrə əməkdaşlığın təşviqi istiqamətində atılması zəruri olan addımlar barədə öz fikirləri ilə bölüşüblər.

Tədbir çərçivəsində tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, habelə ölkəmizin müxtəlif sahələrinin inkişafını əks etdirən sənədli filmlər nümayiş etdirilib və tematik təqdimatlar keçirilib. Tədbir iştirakçıları 2019-cu ildə ölkəmizdə keçirilməsi planlaşdırılan 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgilərinə qatılmağa dəvət olunublar. Həmçinin tədbir iştirakçılarına Səfirlik tərəfindən Vyetnam dilində dərc etdirilən müxtəlif nəşrlər, o cümlədən E.Axundovanın müəllifi olduğu “İlham Əliyev.Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitab təqdim olunub.

Azvision.az

Teqlər: Vyetnam   Səfirlik