68 min içməli suyun nümunəsi analiz edilib

  14 Yanvar 2019    Oxunub : 443
68 min içməli suyun nümunəsi analiz edilib
“İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.
ASC-dən Azvision.az -a verilən xəbərə görə, səhmdar cəmiyyətin Mərkəzi Laboratoriyası Bakı şəhəri və regionlarda içməli suyun keyfiyyətini və tullantı sularının standartlara uyğunluğunu nəzarətdə saxlayır.

2018-ci ildə “Azərsu”nun Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb. Ötən il analizlərin əsas hissəsi Mərkəzi Laboratoriya tərəfindən aparılıb. İl ərzində laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu 2017-ci illə müqayisədə nümunə sayında 21%, göstərici sayında isə 50% artım deməkdir. Keyfiyyətə nəzarət sahəsində müşahidə olunan ciddi artım göstəriciləri yeni su mənbələrinin istismara verilməsi, modul tipli sutəmizləyici qurğuların “Azərsu”nun xidmətinə verilməsi sayəsində mümkün olub.

Ümumilikdə, içməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən götürülmüş 33 min su nümunəsi üzrə 158 min göstərici təyin edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və s. nöqtələrdən götürülmüş 2400 tullantı su nümunəsinin 16 min parametri öyrənilib. Hazırda “Azərsu”nun Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı suların 54 olmaqla, ümumilikdə 105 parametri üzrə analizlər aparılır.

Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılması işlərinə başlanılıb və 4 regional laboratoriya fəaliyyətə başlayıb. Ümumilikdə regionallarda 9 laboratoriyanın yaradılması istiqamətində işləri davam etdirilir. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Qeyd edək ki, “Azərsu”nun Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. İçməli su və tullantı suları bölmələrindən ibarət laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. İstənilən ərazidə və şəraitdə analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən xüsusi təyinatlı nəqliyyat vasitələri alınıb.

Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə 4 səriştəlilik testi proqramına qoşulub. ABŞ-ın ERA və Böyük Britaniyanın FAPAS şirkətləri burada aparılan analizlərin standartlara uyğunluğunu təsdiqləyərək Mərkəzi Laboratoriyanı sertifikatla təltif edib.

Azvision.az

Teqlər: Azərsu