Mübariz Qurbanlı səfirlə görüşüb
O, Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu mövqeyinin, ölkəmizi beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.
İki il öncə Səudiyyə Ərəbistanı Krallığına səfər etdiyini xatırladan Komitə sədri səfər çərçivəsində ölkələr arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində keçirilən görüşlərin önəminə toxunub.
Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycana səfir təyin edilməsinin onun üçün sevindirici hal olduğunu deyib.
Azərbaycanın sürətli inkişafına şahid olduğunu diqqətə çatdıran səfir ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından, nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini həm xalqının, həm də dövlətinin bu məsələyə olan ədalətli münasibətini əks etdirdiyini xüsusi vurğulayıb. Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Azvision.az
Teqlər: DQİDK