Lənkəranda top mərmisi tapılıb

  16 Yanvar 2019    Oxunub : 819
Lənkəranda top mərmisi tapılıb
Yanvarın 15-də 15:42-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional Şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional Şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional Şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 millimetrlik top mərmisi (BM-9) aşkar olunub. Sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1-dən 15-dək agentlik tərəfindən 11 siqnal (əməliyyat çağırışı) əsasında 7 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Tovuz rayonları və Lənkəran şəhəri ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib, beş partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, 3290 kvadratmetr ərazi yerüstü yoxlanılıb.

Azvision.az

Teqlər: ANAMA