“Qarabağ torpaqları Azərbaycan torpaqlarıdır” - İranın Baş Qərargah rəisi (Yenilənib)
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Baqeri bildirdi ki, İranın Ali Rəhbəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir. Qonaq qeyd etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlik İran xalqı tərəfindən sevinclə qarşılanır. O, xalqlarımızın əsrlər boyu müştərək tarixə və mədəniyyətə malik olduğunu dedi və əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini vurğuladı.
Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.
Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş etdi və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırdı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev İran