Yəməndə BMT-nin xüsusi missiyası yaradıldı

Yəməndə BMT-nin xüsusi missiyası yaradıldı
  16 Yanvar 2019    Oxunub:1680
BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında Yəmənin Hudeyda liman şəhərində BMT-nin xüsusi siyasi missiyasının yaradılması barədə qətnamə yekdilliklə qəbul edilib. /strong>
Azvision.az xəbər verir ki, sənədə əsasən, BMT-nin Yəməndəki missiyası ilkin mərhələdə 6 ay fəaliyyət göstərəcək.

Qeyd olunub ki, yeni qətnamə Hudeyda, Salif və Ras-İssa limanları haqqında sazişlərə dəstək və onların davamı olacaq.

Uzun müddətdir ki, ərəb koalisiyasının dəstəyi ilə Yəmənin hökumət qüvvələri Hudeydanı husilərdən almağa çalışsa da, buna nail ola bilməmişdi. Lakin ötən ilin dekabrında Yəməndə siyasi nizamlanma üzrə İsveçdə aparılan danışıqlarda husi üsyançıları ələ keçirdikləri Hudeyda liman şəhərinin BMT-nin nəzarətinə verilməsinə razılaşıblar.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. İran isə husiləri dəstəkləyərək onlara hərbi-maliyyə yardımı göstərir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yəmən   BMT  





Xəbər lenti