Daha bir nazirlik hava şəraiti ilə bağlı hərəkətə keçdi

  16 Yanvar 2019    Oxunub : 952
Daha bir nazirlik hava şəraiti ilə bağlı hərəkətə keçdi
Gözlənilən hava şəraiti ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə zəruri tədbirlər görüləcək.
17-18 yanvar tarixində ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı aidiyyəti qurumların rəsmi xəbərdarlığı nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi barədə qərar qəbul olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb. Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə tapşırıq verilib.

Həmçinin, nazirliyin regional mədəniyyət idarələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və mədəniyyət müəssisələrinin rəhbərlərinə hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində lazımi ehtiyat tədbirlərinin görülməsini təmin etmək tapşırılıb.

Azvision.az

Teqlər: Mədəniyyət-Nazirliyi