Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yaydılar

  16 Yanvar 2019    Oxunub : 2043
 Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yaydılar
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən görüşün yekunlarına dair bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bəyanatda XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş spektr məsələləri müzakirə etdikləri, əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəldikləri bildirilib.

Qeyd olunub ki, nazirlər və həmsədrlər danışıqlara güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün görüşün keçirilməsi istiqamətində addımların atılmasını müzakirə ediblər.

Bundan əlavə, həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutub.

Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib ki, tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Azvision.az

Teqlər: ATƏT   Həmsədr   Bəyanat