Xidməti avtomobillərin sayı azaldılacaq

Xidməti avtomobillərin sayı azaldılacaq
  18 Yanvar 2019    Oxunub:3838
“Prezident İlham Əliyevin imzaladığı fərmanda maraqlı bir məqam var. Fərmana görə, Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır".
Azvision.az xəbər verir ki, bu barədə Milli İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, yeni siyahıdan kənar olan bütün xidməti maşınlar fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır.

"Bu, tam doğru yanaşmadır. Xatırlayıram ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tullantılarla məşğul olan qurumu büdcə vəsaiti hesabına 140 000 manatlıq "Land Cruiser", bir dövlət universiteti 116 000 manatlıq "Toyota Avalon" almışdı. Bir-iki gün öncə daha bir publik qurum da 1.4 milyona bir neçə maşın almışdı. Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”.

Qeyd edək ki, ölkə başçısı dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda bildirilir:

8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

8.7.2. bu fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Fərmana əsasən, Azərbaycanda xidməti avtomobillərin sayının azaldılacağı gözlənilir.

Azvision.az


Teqlər: Avtomobil   Özəlləşdirmə  





Xəbər lenti