DMX-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

  19 Yanvar 2019    Oxunub : 1402
DMX-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Miqrasiya Xidmətində 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Xidmət rəisi Vüsal Hüseynov 20 yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu xüsusi vurğulayıb. Hadisələrə ilk siyasi-hüquqi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Yanvarın 21-də - Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirməsi, 20 Yanvar faciəsinə siyasi qiymət verməsi, bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu cəsarətlə bildirməsi həmin günlərdə çaşqınlıq içində yaşayan, sağalmaz yaralardan hələ də özünə gələ bilməyən Azərbaycan xalqına Ulu öndərin ən böyük dəstəyi idi.



Ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən də daim böyük hörmətlə yad edilir. Dövlətimizin başçısı 1990-cı ilin yanvarında faciəli hadisələr zamanı Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə bir sıra mühüm qərarlar qəbul etmişdir. 19 yanvar 2006-ci il tarixdə imzalanmış müvafiq fərmana əsasən isə 1990-cı il yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib.



Sonra Xidmət rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev çıxış edərək bildirib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Torpaqlarımızın toxunulmazlığı uğrunda başlamış çıxışlar sonda möhtəşəm xalq hərəkatına çevrildi. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi.



1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Sovet İttifaqı hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların, qocaların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan tarixinin qanla yazılan səhifələrindəndir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.



Tədbirdə həmin gecə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının, canlarından keçərək şəhidlik zirvəsinə ucalan bacı və qardaşlarımızın qanının yerdə qalmayacağı, cinayətkarların gec-tez öz layiqli cəzalarını alacaqları bildirilib.

Son illər Azərbaycanın iqtisadi və hərbi gücünün qüvvətlənməsi, xalqla Prezidentin möhkəm vəhdəti tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcəkdir.

Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   DMX