“Bəzi qruplar ölkədə qarşıdurma yaratmaq istəyir” - Mübariz Qurbanlı

“Bəzi qruplar ölkədə qarşıdurma yaratmaq istəyir” -    Mübariz Qurbanlı
  20 Yanvar 2019    Oxunub:3587
"Bu gün Azərbaycan sürətlə inkişaf edir, prezidentimiz Azərbaycanın inkişaf istiqamətlərini dəqiq müəyyən edib"

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur və ən mühüm məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır.

"İkinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr arasında yerini daha da möhkəmləndirmək, daha güclü Azərbaycanın quruculuğuna nail olmaqdır. Prezidentimiz hədəflər üçün siyasi istiqamətlər müəyyən edib, bütün dövlətlər bu istiqamətdə fəaliyyət göstərir, ölkə inkişaf edir. Belə olan şəraitdə ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaq istəyirlər".

M.Qurbanlı qeyd edib ki, bu cəhdlər zamanı mitinqlərdən istifadə edirlər: "Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb. Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, "Məhsul" stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözləri söyləyirlər və onların söylədikləri bayat fikirlərə xalq heç də reaksiya vermir, verməyəcəklər də, çünki onların dediklərində hər hansı bir yenilik yoxdur".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Mübariz-Qurbanlı   Dini-Komitə  





Xəbər lenti