Rusların Putinə inamı rekord həddə azalıb – SORĞU

 Rusların Putinə inamı rekord həddə azalıb –  SORĞU
  22 Yanvar 2019    Oxunub:1808
Rusiya xalqının ölkə prezidenti Vladimir Putinə olan inam və etimadı 2006-cı ildən bəri ən aşağı səviyyəyə düşərək, cəmi 33,4% təşkil edib.

Azvision.az “The Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.
Qeyd olunur ki, Rusiya hökuməti Putinin “millətin atası” imicini formalaşdırmağa və əvəzedilməz lider obrazını yaratmağa çalışsa da, 2019-cu ildə Putinlə bağlı ilk olan bu sorğunun nəticələri tamam başqa reallığı ortaya çıxarıb.

Son 13 ildə rusların Putinə olan etimadının rekord həddə azalmasına baxmayaraq, o, ötən il seçkilərdə qalib gələrək, yenidən 6 il müddətinə Rusiyanı idarə edəcək. Bu nəticələrin Putin üçün hansısa təcili və ciddi təhlükə yaratmadığı bildirilir. Çünki sorğunun digər bir kateqoriyası – prezidentə dəstək kriteriyası üzrə əhalinin 62.1%-i Putini dəstəklədiyini deyib.

Həmçinin, etimad sorğusunun nəticəsinə görə ruslar Putindən sonra ən çox güvənilən siyasətçilərin müdafiə naziri Sergey Şoyqu (13,7%) və xarici işlər naziri Sergey Lavrov (9,3%) olduğunu hesab edirlər.

Qeyd edək ki, ruslar Putinə ən çox etimadı Krımın ilhaqından bir il sonra - 2015-ci ildə göstəriblər. Həmin il Putinin etimad reytinqi rekord həddə çataraq, 71% təşkil edib. Lakin daha sonra Rusiyanın sanksiyalarla üzləşməsi, rublun dollar qarşısında kəskin ucuzlaşması, hərbi sahəyə sosial sferadan daha çox xərc çəkilməsi, hökumətdə korrupsiya hallarının artması və nəhayət, pensiya yaşının artırılması kimi məsələlər rusların Putinə olan etimadını azaldıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti