“Qardaşı onu efirdə görsə, cinayət törədər” - Sədaqət Qəhrəmanova

   “Qardaşı onu efirdə görsə, cinayət törədər” -    Sədaqət Qəhrəmanova
  23 Yanvar 2019    Oxunub:3872
"Bu gün insan alveri qurbanı kimi ancaq qadınlar göstərilir. Lakin onları buna sövq edən kişilər isə göstərilmir"
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyi və media azadlığı barədə keçirilən təlimdə deyib. O bildirib ki, mətbuat insan alveri qurbanlarını, fahişəliyə düçar edilən qadınları göstərərkən bəzi məsələləri unudur.

"Bu qadınların üzünü görən qohumları, qardaşı cinayət törədə bilər və belə qadınlar cinayətin qurbanı olar. Niyə efirdə ancaq insan alverinin qurbanı kimi qadınların adı hallandırılır, göstərilir, amma o şəraiti yaradan kişilər göstərilmir. Düşünmürlər ki, bunu efirə verən zaman qardaşı, ailəsi görər və cinayət baş verə bilər. Düşünməlidirlər ki, bunu yaradan şəxslər qadınları bu vəziyyətə salır, insan alveri qurbanına çevirir".

S.Qəhrəmanova qeyd edib ki, "Məişət zorakılığı haqqında" qanunu işlətmək hələ də çətindir. Onun sözlərinə görə, Azərbaycan qəbul etdiyi qanunlarla idarə olunur: "Gender bərabərliyi və məişət zorakılığı haqqında qanunlar elə incə sənədlərdir ki, insana aid olsa da, insan onu dərk etmirsə, qanunları işlətmək çətin olur. 2010-cu ildə qəbul olunan qanunun hələ də işlənməsi üçün mexanizm axtarılır. Məişət zorakılığı təkcə qadınlara aid deyil, cəmiyyətin müxtəlif zəif təbəqələrinə aid olan məsələdir. Bu istiqamətdə bir informasiyanı verən zaman düşünmək lazımdır. Bir qadın zorakılığa məruz qalırsa, efirdə onun üzünü göstərirlər. Amma onun aldığı psixoloji zərbəni kimsə düşünmür".

Aytən Zəhra
Azvision.az


Teqlər: Zorakılıq   Komitə   İnsan-alveri  





Xəbər lenti