“Danışıqlar prosesinin tarixini müzakirə etdik” - Paşinyan Davos görüşündən danışdı

“Danışıqlar prosesinin tarixini müzakirə etdik” -  Paşinyan Davos görüşündən danışdı
  23 Yanvar 2019    Oxunub:5205
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi 1,5 saatlıq qeyri-rəsmi görüşün bir çox detallarını açıqlayaraq, bu cür görüşlərin intensivliyi və danışıqların tam məzmununu erməni ictimaiyyətindən gizlətməsilə bağlı özünə qarşı yönələn ittihamlara cavab verib.
Azvision.az -ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, “Facebook”da canlı yayıma çıxan Paşinyan bildirib ki, İlham Əliyevlə keçirdiyi görüşlər və apardığı müzakirələr qeyri-rəsmi olduğundan, onlar danışıqlar prosesinin rəsmi başlanğıcı və ya rəsmi mərhələsi hesab edilmir.

Onun sözlərinə görə, İlham Əliyevlə bu cür görüşlərinin intensivliyi (sayca üçüncü dəfə) hər hansı beynəlxalq tədbirdə birgə iştirak halında tərəflərin təkbətək görüşlərdən yayınmayacaqlarına dair əvvəlcədən əldə olunmuş razılaşmaya əsaslanır.

“Davosdakı tədbirin təşkilatları bizim hər ikimizin orada olmağımızı bilərək soruşdular ki: görüşməyə etiraz etmirsiniz ki? Biz də öz növbəmizdə vurğuladıq ki, etmirik. Və bu görüş, ən azı eyni məkanda olacağımız halda görüşlərdən qaçmayacağımızla bağlı razılaşmaya əsaslanır” – Paşinyan bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqların məzmununa gəlincə isə, Paşinyan vurğulayıb: “Mahiyyətcə, indiyədək keçirdiyimiz hər 3 görüşdə biz daha çox Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin tarixini müzakirə etmişik. Əlbəttə, nizamlanma imkanları, şərtlər və bu istiqamətdə hansı maneələrin olduğunu da müzakirə edirik. Yəni biz heç bir konkret detalı müzakirə etmirik, sadəcə fikir mübadiləsi aparırıq. Müzakirələrimizin mərkəzində elə ictimai formada bildirdiyim məsələlər dayanır. Bu mənada xüsusilə vurğulamaq istəyirəm ki, bəzi qüvvələr və xadimlər bizim cəmiyyətimizə münaqişə ilə bağlı hansısa pərdəarxası gizli razılaşmanın getdiyinə dair fikirlər təlqin etməyə çalışırlar. Amma heç bir gizli razılaşma ola bilməz. Hətta bu barədə düşünməyin özü belə absurddur.”

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti