Quaydo hərbçiləri şirnikləndirir - Nazir rədd cavabı verdi

Quaydo hərbçiləri şirnikləndirir -  Nazir rədd cavabı verdi
  24 Yanvar 2019    Oxunub:2242
Ötən gün özünü Venesuelanın müvəqqəti rəhbəri elan edən parlamentin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo ordunu və güc strukturlarını leqitim prezident Nikolas Maduroya qarşı qaldırmaq üçün onlara şirnikləndirici vədlər verib.
Azvision.az “Euronews”a istinadən xəbər verir ki, 35 yaşlı Quaydo ölkədə azad və şəffaf seçkilər keçirəcəyinə, ölkəni hiperinflyasiyalı iqtisadi böhrandan çıxaracağına söz verib. O, həmçinin Maduronu dəstəkləyən Venesuela ordusunu da öz tərəfinə çəkmək üçün onlara “əlverişli” təklif edib.

Quaydo bəyan edib ki, əgər hərbçilər Maduronu devirməyə kömək etsə, onda həbsdə olan zabitlərə amnistiya verəcək.

Lakin Venesuelanın müdafiə naziri daxil olmaqla silahlı qüvvələrin komandirləri bildiriblər ki, Quaydoya müqavimət göstərmək üçün Maduro ilə birlikdə mübarizə aparacaqlar.

“Ata yurdumuzun əsgərləri qaranlıq maraqların kölgəsi altında zorla sırıdılan və qanundankənar şəkildə özü-özünü rəhbər təyin edən prezidenti tanımır” – Venesuelanın müdafiə naziri Vladimir Padrino bəyan edib.

Qeyd edək ki, ABŞ başda olmaqla beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanısa da, Venesuelada real və qanuni güc hələ də Maduronun əlindədir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Venesuela  





Xəbər lenti