“Gördüyümüz işləri yanlış təqdim edirlər” - Komitə sədri şikayətləndi

  24 Yanvar 2019    Oxunub : 1353
 “Gördüyümüz işləri yanlış təqdim edirlər” - Komitə sədri şikayətləndi
“Çalışırıq ki, bizə müraciət edən insanların problemlərini həll edək. Amma nə edəsən ki, bəzən saytlarda, sosial şəbəkələrdə haqq-nahaq müzakirələr açırlar, deputatların gördüyü müsbət işlər bəzi hallarda yaddan çıxır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O, qeyd edib ki, parlamentin Əmək və sosial siyasət komitəsi ən ağrılı problemlərlə məşğul olur, sosial durumu aşağı olan aztəminatlı qrup insanlarla işləyir: “Məntiqli olaraq, problemlər də meydana çıxır. Bütün hallarda biz əhalinin qaldırdığı problem və məsələlərin həllinə müsbət yanaşırıq, eyni zamanda qayğı göstəririk və müraciətlərə diqqətlə baxırıq. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsinin icrası ilə bağlı bəzi problemlər ortaya çıxdı. Narazı insanların qarşısına çıxdıq, söhbət apardıq. Humanist söhbətlərimizə baxmayaraq, bəzi hallarda saytlar bunu yanlış, - heç adına müxalif də demək olmaz, - təqdim etdilər. Həmin saytlar bizim işimizi başqa formada çatdırmağa çalışırdılar. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, onlar gərgin məsələlərin həllində hər zaman bizim yanımızda olublar”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hadı-Rəcəbli