Deputatlar nazirliyi tənqid etdilər: “Xəstə heyvanla necə dolansınlar?”

  24 Yanvar 2019    Oxunub : 2854
 Deputatlar nazirliyi tənqid etdilər: “Xəstə heyvanla necə dolansınlar?”
“Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdə operativ iş görməlidir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib. Deputat bildirib ki, nöqsanlar aradan qaldırılmalıdır: “Bu layihə uğurla həyata keçirilməli və buna kölgə salınmamalıdır”.

Deputat Araz Əlizadə də çıxışında narazılığını ifadə edib: “Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, “heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki, buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz. İnsanlara hörmət etmək lazımdır. Insan xəstə heyvanla özünü necə dolandıra bilər?”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Parlament   ƏƏSMN