Davosun ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyəti - ŞƏRH

  24 Yanvar 2019    Oxunub : 1491
Davosun ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyəti - ŞƏRH
Azərbaycan prezidenti İlham Əliyev 21-23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində səfərdə olub. Ümumdünya İqtisadi Forumunda iştirak edən ölkə başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin trilyon dollarlıq baxışı” panelində çıxış edib, eyni zamanda bir sıra önəmli görüşlər keçirib.
Ekspertlərin fikrincə, Azərbaycan prezidentinin Davos forumunda iştirakı ölkəmizin iqtisadi əlaqələrinin inkişafı baxımından olduqca önəmlidir.

İqtisadçı ekspert Rəşad Həsənov Azvision.az-a bildirib ki, Davos forumunun Azərbaycan üçün əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, xüsusilə iqtisadiyyatın inkişafı istiqamətində yeni çağırışlar formalaşan və xarici investisiya əhəmiyyətli hesab olunan ölkələr üçün Davos mühüm platformadır.

"Azərbaycana bu kontekstdə yanaşsaq, Davosdan çoxlu iqtisadi imkanlar əldə edə bilərik. Xüsusilə, son olaraq dördüncü sənaye inqilabı ilə bağlı ortaya qoyulmuş mövzu çox əhəmiyyətlidir. Əgər Azərbaycan qeyri-neft iqtisadiyyatının inkişafını növbəti dövrlərdə dayanıqlı əsaslarla formalaşdırmaq istəyirsə, bu zaman dördüncü sənaye inqilabının iqtisadiyyata transformasiyası istiqamətində artıq müəyyən işlər görməldir. Təxminən 20 ildən sonra dünya iqtisadiyyatı tamamilə fərqli istiqamətlərdə rəqabət aparacaq. Əgər hər hansı bir ölkə bu tələblərlə öz iqtisadiyyatını formalaşdırmayacaqsa, o zaman bu ölkənin iqtisadiyyatının dayanıqlılığını, rəqabətliliyini təmin etmək çox çətin olacaq”.



R.Həsənov əlavə edib ki, Davosun əhəmiyyəti həm də orada dünyanın ən müxtəlif maraq qruplarının təmsilçilərinin iştirak etməsindədir: “Burada beyin mərkəzləri, siyasi institutların təmsilçiləri, qərarvermə, icraetmə, biznesin təmsilçiləri iştirak edirlər. Bu da yeni çağırışların müəyyənləşdirilməsində, qlobal iqtisadi problemlərin üzə çıxarılmasında, gələcək istiqamətlərinin müəyyənləşdirilməsində vacib amildir. Eyni zamanda burada kifayət qədər imkanlar yaradılır ki, hər bir ölkə, o cümlədən Azərbaycan aparılan son iqtisadi islahatlarla, formalaşdırılan təşviq mexanizimləri ilə, yeni institutlarla bağlı beynəlxalq ictimaiyyətə, biznesə konkret təqdimatlar, məlumatlandırmalar apara bilsin, öz təbliğatını təşkil etsin. Bu yolla ölkəyə investisiya cəlbi üçün şərait formalaşır. Hesab edirəm ki, Azərbaycan bu potensialdan ölkəyə xarici investisiyanın cəlb edilməsi və ölkədə rəqabətli biznes mühitinin formalaşdırılması üçün istifadə etməlidir və edir”.



Politoloq Fikrət Sadıqov un fikrincə, Davos səfəri həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir: “Prezident İlham Əliyevin görüşləri zamanı bir fikir irəli sürüldü ki, bütün layihələrin, yatırılan investisiyaların, iqtisadi inkişafın, beynəlxalq səhnədə balanslı xarici siyasətin bir məqsədi var: Bu, Azərbaycanın daxili sabitliyi, iqtisadi-maliyyə inkişafı, regionda bir sıra risklərdən, təhlükələrdən uzaq olması ilə bağlı olmasıdır. Ölkə başçısı vurğuladı ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə normal münasibətlərdədir. Qonşular bunu yaxşı dərk edir, çünki bu, bir şəbəkədir, zəncirdir. Azərbaycan qonşuları ilə müxtəlif layihələrlə sıx bağlıdır. Ermənistan da öz işğalçı siyasətindən imtina etsə və Azərbaycan torpaqlarını azad etməyə başlasa, biz Ermənistanı da bu layihələrə cəlb etməyə hazırıq”.

F.Sadıqov deyib ki, ölkə başçısının Davosda xarici şirkətləri Azərbaycana investisiya qoymağa çağırmasını xüsusi vurğulamaq lazımdır.

Prezident Davosda bir sıra iri şirkətlərin rəhbərləri ilə görüşdü. Görüşlər zamanı bəyan etdi ki, investisiyalar Azərbaycana cəlb oluna bilər. Biz bu investisiyaları müxtəlif layihələrə yatıra bilərik. Yəni, bundan qarşılıqlı şəkildə fayda görə bilərik. Davosda iştirak edən şirkətlərin rəhbərləri də buna çox müsbət yanaşdı və faktiki olaraq öz razılıqlarını ifadə etdilər. Əlbəttə, bu da balanslı xarici siyasətin və bir sıra dövlətlərlə sivil münasibətlərin göstəricisidir”, - politoloq deyib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Davos   Prezident   Forum