Prezident: “Aqrar sahə bizim üçün strateji sahədir”

 Prezident:  “Aqrar sahə bizim üçün strateji sahədir”
  24 Yanvar 2019    Oxunub:4468
"Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və çox geniş vüsət alıb: "Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər.

Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq".

Dövlət başçısı qeyd edib ki, tərəvəzçilik kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir: "Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.

Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək".

Prezident əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.

"İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq. Azərbaycan vətəndaşları görəndə ki, sizin kimi savadlı, bilikli gənclər bu sahəyə maraq göstərirlər, əminəm ki, maraq daha da böyük olacaq. Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında iştirak edirik".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti