“Məndə elə şəkillər var ki...” - Deputatdan nazirliyə cavab

  24 Yanvar 2019    Oxunub : 10192
 “Məndə elə şəkillər var ki...” - Deputatdan nazirliyə cavab
“Mən dəqiq bilmədiyim məsələ haqqında fikir bildirmirəm. İstəsələr, ortaya şəkillər qoyaram. Hansı ki, bu şəkilər indiyədək heç bir saytda getməyib”

Bunu Azvision.az -a açıqlamasına deputat Araz Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında münasibət bildirərkən deyib.
Deputat nazirliyin onları qeyri-pəşəkarlıqla ittiham etməsinə etirazını bildirib. “Nazirlik bir şeyi dərk etməlidir, insanlara cins inəklər vermək lazımdır. Verdikləri heyvanlar isə artıq kəsilmə həddində olanlardır. Həmin heyvanlardan süd və bala almaq mümkün deyil. Əgər nazirlik bunu bilmirsə, gəlsinlər Milli Məclisdə danışaq. Mətbuat vasitəsi ilə danışmaq istəyirlərsə, onda keçək mətbuata. Yerli inəklərlə fermer təsrrüfatı yaratmaq mümkün deyil. Həmçinin xəstə heyvanları kəsmək də düzgün deyil, axı. Bunu başa düşmək məncə, o qədər də çətin olmamalıdır”, - deyə A.Əlizadə vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputatlar Musa Quliyev və Araz Əlizadə özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı bəzi hallarda narazılıq olduğunu qeyd ediblər.

Deputat Araz Əlizadə məlum çıxışında deyib: “Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, “heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki, buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz. İnsanlara hörmət etmək lazımdır. Insan xəstə heyvanla özünü necə dolandıra bilər?”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deputatlara cavabı gecikməyib. Nazirliyin yaydığı məlumatda bildirilib ki, heç bir əsas olmadan, müvafiq sorğu verilmədən və rəsmi məlumat alınmadan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Araz-Əlizadə   ƏƏSMN