“Dini siyasətə alət etmək olmaz” - Komitə sədrinin müavini

  24 Yanvar 2019    Oxunub : 1962
 “Dini siyasətə alət etmək olmaz” - Komitə sədrinin müavini
“Özlərini müxalifət adlandıran bu adamlar dərk etməlidirlər ki, Azərbaycan kimi güclü və qüdrətli ölkəni idarə etmək siyasətdə “dağıdıcılıq” təcrübəsindən başqa heç bir ideyası olmayanların başı üçün deyil. Onlar anlamalıdırlar ki, ölkəmiz çox mürəkkəb dövrdən keçir. Dünyada qanlı toqquşmalar, müharibə və münaqişələr hökm sürür. Belə bir vəziyyətdə dövlətçiliyimizi sarsıtmağa yönəlmiş hər bir addım dövlətə xəyanət hökmündədir”
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O, bildirib ki, radikal müxalifətçilər nəinki Azərbaycanı, heç Afrikanın orta əsrlərdə qalmış qəbilə dövlətlərini də idarə edə bilməzlər.

S.Heydərovun sözlərinə görə, xəyanətkar şüurlu radikal müxalif qüvvələr etnik və dini faktordan istifadə etməyə cəhd edirdilər.

“Bəzən siyasi mənfəət naminə dindar və ateistləri də birgə fəaliyyətə cəlb etməyə çalışırdılar. Dini kimlik-milli kimlik qarşıdurması yaratmağa, məzhəbçilik toxumları səpərək xurafat və radikalizmi alovlandırmağa tolerantlığımızı sarsıtmağa, milli həmrəyliyimizi pozmağa, dünyəvi dövlət prinsiplərini zəiflətməyə çalışanlarla da əməkdaşlığa, birgə fəaliyyətə üstünlük verirdilər. Bu istəklər bu gün də var. Ancaq səmimi inanclı insanlar başa düşürlər ki, dini siyasətə alət etmək olmaz, etmədilər də. Azərbaycandakı əsl inanclıların mütləq əksəriyyəti öz üçrəngli bayrağının və dövlətinin ətrafında sıx birləşdi. Ancaq bununla belə həmin dövrdə də, indi də məqsəd və məram eynidir. Azərbaycan zəifləsin, dövlət çöksün, təki biz qalib gələk. Mirzə Ələkbər Sabirin deyimi ilə “millət necə tarac olur olsun, nə işim var?” prinsipinə söykənərək bu xalqın qəlbində yer tapmaq mümkün deyil. Çünki onların kimliyi, niyyət və məqsədləri xalqımıza kifayət qədər məlumdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu qüvvələr xaricdən idarə olunmaqla yanaşı, dövlətçiliyimizə yönəlmiş bütün təxribatlarda “piyada” funksiyasını yerinə yetirirlər”, - deyə komitə sədrinin müavini qeyd edib.

Azvision.az

Teqlər: Dini-Komitə