174 sosial mənzil satışa çıxarıldı

 174 sosial mənzil satışa çıxarıldı
  25 Yanvar 2019    Oxunub:3522
Bu gündən Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılır.
Azvision.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 8 fevral 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 174 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

1 otaqlı mənzillərin qiyməti – 29 954 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 959 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Azvision.az


Teqlər: MİDA   Ev   Sosial  





Xəbər lenti