“Dövlət qulluğunu daha yüksək səviyyəyə qaldırmalıyıq”

  25 Yanvar 2019    Oxunub : 1057
“Dövlət qulluğunu daha yüksək səviyyəyə qaldırmalıyıq”
"Dövlət İmtahan Mərkəzi, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən bir təşkilat kimi, təkcə inzibati alətlərdən deyil, dünyada insan resurslarının idarəolunması sahəsində əldə olunmuş bütün innovativ nailiyyətlərdən, eləcə də Mərkəzin qiymətləndirmə sahəsində malik olduğu və elmi əsaslara söykənən zəngin təcrübəsindən istifadə etmək niyyətindədir"
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tvinninq layihəsinin bağlanış mərasimində deyib. O bildirib ki, layihə çərçivəsində bir çox praktik nəticələr əldə edilib.

M.Abbasadə qeyd edib ki, dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. "Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır. Bununla bağlı, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır. Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır".

DİM rəhbəri qeyd edib ki, hazırkı Tvinninq layihəsi hər hansı texniki yardımın göstərilməsini nəzərdə tutmayıb. Bu layihə çərçivəsində treninqlərin keçirilməsi, tövsiyələrin hazırlanması nəzərdə tutulub. Bütün bu işlər dövlət qulluğu sahəsində hər hansı islahatları aparmaq üçün lazımı mühitin formalaşması, insan kapitalının inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Ona görə ki, insanlarda müvafiq bilik, bacarıq və kompetensiyalar olmasa, heç bir texniki yardımın əməli nəticəsi olmaz.

"Bu günlərdə dövlət idarəetmə sistemində start verilmiş struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir. Bu isə, öz növbəsində, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir"

M.Abbaszadə bildirib ki, Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur.

"Qeyd etməliyəm ki, Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında icraçı təşkilat kimi ən çox tapşırıq üzrə (40-a yaxın) adı qeyd olunmuş qurum Dövlət İmtahan Mərkəzidir. Hazırki Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınmış və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib. Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq. Fikrimcə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: DİM   Məleykə   Abbaszadə