Uşaqların övladlığa götürülməsi üçün yeniliklər tətbiq olunacaq

  25 Yanvar 2019    Oxunub : 2294
 Uşaqların övladlığa götürülməsi üçün yeniliklər tətbiq olunacaq
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün onlara dəstək veriləcək.

Azvision.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin Fərmanına əsasən bu sahədə bir çox səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib:

“Övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə övladlığagötürmə sahəsində dövlət siyasəti və məhz nazirlik tərəfindən icra ediləcək. Nazirliyə verilən səlahiyyətlərlə bağlı İşçi qrupu yaradılıb. Hazırda övladlığa görtürmə ilə bağlı məşğul olan dövlət qurumları ilə görüş keçirib, beynəlxalq şirkətlərlə də danışıqlar aparılır. Məqsəd övladlığa götürmədə şəffaf xidmətin yaradılması, hər bir uşağın ilk növbədə ailələrinə qaytarılmasıdır. Ailələrə qaytarılma mümkün olmayanda, uşaqların övladlığa verilməsi üçün addımlar atılacaq”.

Şöbə müdiri bildirib ki, övladlığa götürmə ilə bağlı qanunvericilik bazasında dəyişiklik ediləcək: “Hazırda övladlığa götürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı nəzarət edir. Fərmana əsasən nazirlikdə alt sistem yaradılacaq. Çünki hazırkı durumda hər üç qurumun özünün avtonom bazası var idi. Yeni alt sistem bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq. İyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur”.

Şöbə müdiri bildirib ki, övladlığa veriləndən sonra nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək: “Növbəsi çatan valideynin uşaq seçməsindən fərqli olaraq, əsasən valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən münasibi seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ƏƏSMN