“Gürcüstan Azərbaycana qarşı böyük səhv etdi” - MÖVQE

  25 Yanvar 2019    Oxunub : 5574
 “Gürcüstan Azərbaycana qarşı böyük səhv etdi” - MÖVQE
Xəbər verdiyimiz kimi, yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bu hadisə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub.
Belə ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib.

Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Gürcüstanın özündə də işğalçıya abidənin qoyulması birmənalı qarşılanmayıb. Əksər gürcü ekspertlər Gürcüstan hökumətini tənqid edərək, rəsmi Bakının etirazlarına haqq qazandırıblar.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Hikmət Babaoğlu məsələyə münasibət bildirib. Millət vəkili Azvision.az-a açıqlamasında deyib ki, Gürcüstan Azərbaycanın strateji müttəfiqidir və bu ölkənin müasir milli maraqlarının təmin olunması, eyni zamanda regional tranzit ölkə kimi yerinin və rolunun müəyyənləşməsində Azərbaycan çox ciddi rol oynayıb:

“Azərbaycan bütün iqtisadi, meqa layihələrini Gürcüstan üzərindən Qərbə doğru reallaşması üçün müvafiq qərarlar qəbul edib. Eyni zamanda, Gürcüstanla Azərbaycanın çox dərin qonşuluq, tarixi, ənənəvi və yaxşı münasibətləri mövcuddur. Gürcüstanın ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi daim prinsipial olub. Ona görə də hazırkı mərhələdə əli azərbaycanlıların qanına batmış cinayətkar bir şəxsə Gürcüstan ərazisində heykəlin qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bu, münasibətlərə kölgə salacaq addımdır və ümumiyyətlə yolverilməzdir. Gürcüstan Azərbaycanın problemlərini dərindən anlamalıdır. Ona görə ki, Gürcüstanın özünün də ərazi bütövlüyü pozulub”.



H.Babaoğlu vurğulayıb ki, Gürcüstan hər iki ölkənin ortaq, milli maraqlarını nəzərə almaqla qərarlar qəbul etməlidir: “Əgər Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünün pozulmasında iştirak edən, onun Qərb əyalətlərinin ilhaq edilməsində döyüşçü kimi fəaliyyət göstərən və əli etnik gürcülərin qanına batmış birisinə heykəl qoyulsa idi, Gürcüstan bunu necə qarşılayardı? Ona görə düşünürəm ki, hər şeydən öncə bu ölkənin rəsmiləri və dövlət orqanları mütləq belə hallarda hər iki ölkənin ortaq, milli maraqlarını nəzərə almaqla qərarlar qəbul etməli, addımlar atmalıdırlar. Azərbaycanın rəsmi mövqeyi bəllidir. Azərbaycanın narahatçılığı Gürcüstanın müvafiq rəsmi dairələrinə çatdırılıb. Bununla bağlı yaxın zamanda lazım olan qərarlar qəbul ediləcək. Çünki Gürcüstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti bunu diqtə edir. Biz bir-birimizin maraqlarını qorumağa məhkumuq. Əks təqdirdə o qədər də yaxşı olmayan tendensiyalara gətirib çıxara bilər”.

"Azərbaycan olmasaydı, Gürcüstanın dövlətçiliyi süqut edərdi"

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, demokratiya yolu ilə getdiyini iddia edən və Azərbaycana bütün sahələrdə borclu olan Gürcüstanda erməni caniyə heykəl qoyulması aydın səmada şimşək çaxmasına bənzəyir:

“Gürcülər nə tez unutdular ki, Azərbaycanın onlara yardımı olmasa idi, rus tankları Tbilisiyə qədər gəlib çıxa bilərdi. Yaxud ruslar Cənubi Osetiya və Abxaziyanı işğal etdikdən sonra ölkədə elektirik enerjisi və təbii qaz demək olar ki, yoxa çıxmışdı. Üstəlik ölkənin xəzinəsi bomboş idi. O zaman Azərbaycan heç nəyə baxmadan, böyük risklər edərək Gürcüstana yardım əlini uzatdı. Ölkəyə lazım olan qədər qaz ixrac edildi, neft və neft məhsulları, müəyyən miqdarda ərzaq və ilkin tələbat malları göndərildi. Sabiq prezident Mixail Saakaşvili öz xatirələrində qeyd edir ki, əgər o zaman Azərbaycanın hərtərəfli yardımı olmasa idi, Gürcüstan dövlətçiliyi süqut edə bilərdi. Bu, bir həqiqətdir və ruslar, elə ermənilərin özləri də bunu istəyirdilər. Amma Azərbaycan təmənnasız öz yardım əlini uzatdı və 4 ildən artıq müddətə az qala ölkənin bütün elektirik təchizatını öz üzərinə götürdü. Bu günə qədər həmin elektirik təchizatına görə ödənilməli pullar hələ də ödənilməyib. Həmçinin Azərbaycan ötən ildən başlayaraq Gürcüstana yenidən elektirik enerjisi verməyə başlayıb. Çünki gürcülər özlərini tam olaraq elektirik enerjisi ilə təmin edə bilmirlər”.



Q.Hüseynli qeyd edib ki, Azərbaycan təşəbbüskarı və maliyyə təminatçısı olduğu bütün beynəlxalq layihələrin hamısına Gürcüstanı qoşub: “Bu gün Gürcüstan büdəcisinin 42 faizi ölkə ərazisindən keçən neft və qaz kəmərlərinin hesabına doldurulur. Yəni Azərbaycan bu gün də Gürcüstan büdcəsinin formalaşmasında aktiv iştirak edir. Həmin beynəlxalq layihələrə Gürcüstanı cəlb etməklə bir növ onu süqut etməkdən xilas edir. Gürcüstan Saakaşvilidən sonra o qədər də etibarlı olmayan əllərə keçib. Bu işin başında Rusiyanın adamı olan və heç bir vəzifə tutmasa da “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanaşvilinin dayandığını söyləmək mümkündür. “Boz Kardial” dövlətin bütün strukturlarına təsir edə bilir və onun göstərişləri legitim xarakter daşıyır”.

Politoloq diqqətini önəmli bir məsələyə yönəldərək qeyd edib: “Ermənistana səfər edən Gürcüstanın xarici işlər naziri uydurma “soyqırım”ı abidəsinin önünə çələng qoymuşdu. O zaman bunu ötüşdürmək mümkün oldu, Amma indi özü işğala məruz qalan və işğalçılıq siyasətindən əziyyət çəkən bir ölkənin onu xilas edən bir ölkəyə qarşı belə yaramazlığa yol verməsi təəccüblüdür. Məgər gürcülərin Xocalı soyqırımından, ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən xəbəri yoxdur? Əlbəttə, var. Çünki onların torpaqlarının 20 faizi rus işğalı altındadır və yana-yana danışıb, bütün beynəlxalq təşkilatlara müraciət edirlər. Bu nöqteyi- nəzərdən Azərbaycanın dərdi, problemləri Gürcüstana daha yaxşı aydın olmalıdır. Çünki hər iki dövlət işğaldan və onun törətdiyi nəticələrdən əziyyət çəkməkdə davam edir. Bəs nə oldu, nə üçün çox şeyləri unutdular? Unudublarsa, Abxaziyada döyüşən ordular içərisində gürcülərə ən çox zərbə vuran “Baqration” briqadasının erməni əsilli döyüşçüləri olduğunu xatırlatmaq istəyirəm. Hesab edirəm ki, irad tutulmalı çox şey var”.

Politoloqun fikrincə, Gürcüstan erməni caniyə heykəl ucaldılması icazəsini qısa zamanda verib: “Gürcüstan tərəfi böyük cinayətlərə imza atmış bir caninin heykəlinin ucladılmasına icazə verməklə Azərbaycana qarşı böyük səhv edib. İcazə belə görünür ki, qısa zaman öncə, Paşinyanın azərbaycanlılar yaşayan rayona səfəri zamanı Gürcüstan baş nazir ilə görüşündə verilib. Azərbaycanın qürur hissinə toxunan belə hərəkətlər heç bir normaya sığmır və kəskin reaksiya doğurur. Azərbaycan Gürcüstana nota verib və bu hadisə ilə bağlı izahat tələb edib. Amma məsələ bununla bitməyə bilər. Azərbaycanın əlində Gürcüstana təzyiq göstərmək üçün iqtisadi, siyasi və digər xarakterli çoxlu rıçaqlar var. Biz sadəcə Gürcüstanda sağlam təfəkkürün qələbə çalacağına və o büstün oradan götürülməsinə nail olacağımıza inanırıq”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Gürcüstan   Təxribat