“Azəriqaz”da işçi komissiya yaradıldı

“Azəriqaz”da işçi komissiya yaradıldı
  25 Yanvar 2019    Oxunub:2724
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) texniki şərtlərin verilməsi ilə bağlı işçi komissiya yaradılıb.
“Azəriqaz”dan Azvision.az -a bildirilib ki, İB-də biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində bəzi tikinti obyektlərinin tikinti və istismarına icazələrin verilməsinə dair yığıncaq keçirilib.

Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barədə iştirakçılara məlumat verib. Bildirib ki, bu qaydaların əsas məqsədi tikinti niyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti obyektinin sifarişçisi olan hüquqi və fiziki şəxslərin, aidiyyəti qurumların yerinə yetirməli olduqları ayrı-ayrı prosedurların xüsusiyyətlərini və müddətlərini təkmilləşdirmək, tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmaq, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.

İB-nin risklərin idarə olunması şöbəsinin rəisi Mikayıl Cəbrayılov “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na müvafiq hazırlanmış təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Yığıncaqda bu Qaydanın 3.7. bəndində göstərilən tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin verilməsinə dair tələblərin yerinə yetirilməsi məqsədilə “Azəriqaz” İB-də işçi komissiyanın yaradılması qərara alınıb.

M.Cəbrayılov Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyinin 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşması, əvvəlki illərlə müqayisədə ləğv edilmiş prosedurlar və buna müvafiq azaldılmış günlər və xərclər barədə məlumat verib. Eyni zamanda, tədbirdə biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın təsdiq etdiyi “İcra və Kommunikasiya Planı”nın “Azəriqaz” İB-nə aidiyyəti olan bəndləri müzakirə edilərək, bununla bağlı mütəmadi olaraq maarifləndirmə işlərinin aparılması qərara alınıb. Həmçinin qazlaşdırma istiqamətində lazım olan sənədlərin göstərilən vaxta yerinə yetirilməsi vacibliyi bir daha vurğulanıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti