ABŞ-da “şatdaun” başa çatdı - Tramp geri çəkildi

  26 Yanvar 2019    Oxunub : 1473
ABŞ-da “şatdaun” başa çatdı - Tramp geri çəkildi
Artan təzyiqlər nəticəsində ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən federal hökumətin fəaliyyətinin qismən dayanmasına – “şatdaun” prosesinə son qoyulmasına razılaşıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp Konqressin Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi və Senatda demokratların lideri Çak Şumerlə anlaşma əldə edib. Respublikaçıların çoxluq təşkil etdiyi Senat və demokratların nəzarətində olan Nümayəndələr Palatası həmin anlaşma sazişini təsdiqlədikdən sonra, Tramp 15 fevraladək ABŞ-ın müvəqqəti dövlət büdcəsinin qəbulu haqqında qanunu imzalayıb. Bununla da, ABŞ-da federal hökumətin işi tam bərpa olunub.

Qeyd olunub ki, Tramp “şatdaun”un yaranmasına səbəb olan başlıca tələbindən - Meksika ilə sərhəddə divar tikilməsi üçün istədiyi 5,7 milyard dollar vəsaitdən hələlik imtina edib. Lakin ABŞ prezidenti demokratlara xəbərdarlıq edib ki, əgər sərhədlərin təhlükəsizliyi üzrə Nümayəndələr Palatası və Senat arasındakı ikitərəfli danışıqların nəticəsindən razı qalmasa, 15 fevralda “şatdaun” bərpa ediləcək.

Tramp həm də bildirib ki, ortaq məxrəcə gəlinməsə, ABŞ-da fövqəladə vəziyyət elan edəcək və Konqressin icazəsi olmadan da Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən vəsait ayrılmasına nail olacaq.

Qeyd edək ki, bir aydan çoxdur davam edən bu dəfəki “şatdaun” ABŞ tarixində ən uzun “şatdaun” prosesinə çevrilib. Tramp administrasiyasının “şatdaun”u Bill Klintonun prezidentliyi dövründə 1995-ci ilin 16 dekabrından 1996-cı ilin 5 yanvarınadək davam edən 21 günlük “şatdaun” rekordunu yeniləyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Meksika   Konqress   ABŞ   şatdaun