Kirayədə yaşayanlar mənzil sahibi ola bilərlər - Yeni qaydalar

Kirayədə yaşayanlar mənzil sahibi ola bilərlər -  Yeni qaydalar
  26 Yanvar 2019    Oxunub:8961
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Bu Qayda İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir. Yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müvafiq müqavilə əsasında yaşayış sahəsinin istifadəyə təhvil verilməsini və bu Qaydada müəyyən edilmiş şərtlərlə kirayəçiyə özgəninkiləşdirilməsini nəzərdə tutur.

Qaydaya görə, yaşayış sahələri satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə fondun satın aldığı və ya digər əsaslarla fondun mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlakdır. Satmaq öhdəliyi ilə kirayə müqaviləsi isə kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair fondla kirayəçi arasında bağlanılan müqavilədir.

Kirayəçi fondla kirayə müqaviləsi bağlamış fiziki şəxsdir və aylıq ödəniş isə kirayə müqaviləsinə əsasən, kirayəçinin fonda aylıq qaydada ödədiyi məbləğdir. Alış qiyməti kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmidir.

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin satın alınmasını öz kapitalı, emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına həyata keçirir. Fond yaşayış sahəsinin alınmasını və satmaq öhdəliyi ilə kirayəyə verilməsini müxtəlif şərtlərə riayət etməklə həyata keçirir - kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır; yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir; kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir; müqavilə bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir; kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır; yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.

Kirayə müqaviləsində müqavilənin tərəfləri, predmeti, məbləği və müddəti; tərəflərin hüquq və vəzifələri; yaşayış sahəsinin kirayəçinin istifadəsinə və mülkiyyətinə verilməsinin şərtləri və tarixi; kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi; yaşayış sahəsinə mülkiyyət hüququ kirayəyəverəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması; kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçməsi; kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi şərtləri, habelə müqaviləyə vaxtından əvvəl xitam verildikdə tərəflər arasında hesablaşma qaydası, alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi zamanı Fondun güzəşt tətbiq etmək qaydası, xərclərin mübahisəsiz olaraq qabaqcadan ödənilmiş aylıq ödənişlərdən tutulması, yaşayış sahəsinin yaxşılaşdırmaları üzərində sərəncam vermə qaydası və yaşayış sahəsinin müqavilədə müəyyən edilmiş müddət ərzində boşaldılması; tərəflərin Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün vergiləri ödəmək məsuliyyəti daşıması; müqavilənin notariat qaydasında təsdiq edilməsi və kirayə hüququnun dövlət qeydiyyatına alınması, habelə kirayəçinin yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı dövlət rüsumunu və digər xərcləri kirayəçinin ödəməsi; həyata keçirilmiş sığorta ödənişinin tərəflər arasında bölüşdürülməsi qaydası; kirayəçi kirayə müqaviləsi üzrə öhdəlikləri tam və lazımi qaydada yerinə yetirdiyi hallarda, yaşayış sahəsinin mülkiyyət hüququnun kirayəçiyə keçməsi qaydası göstərilməlidir.

Fond satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın aldığı və mülkiyyətinə keçmiş yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verə bilər. Yaşayış sahələri alış anına tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır. Həmin yaşayış sahələrinə dair məlumatlar fondun rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.

Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistem vasitəsilə edilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Müraciət edən şəxs öz müraciətində İpoteka və Kredit Zəmanət Fondunun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir. Fond şəxsin müraciəti və təqdim etdiyi məlumatlar əsasında 5 iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün müraciət edən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir.

Kirayə müqaviləsi üzrə aylıq ödəniş isə hər ay bərabər hissələrlə ödənilməlidir. Müqavilə qüvvədə olduğu müddətdə yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri kirayəçi ödəyir.

Azvision.az


Teqlər: Fərman   Mənzil   Kirayə  





Xəbər lenti