Xəstəxananın cəmi bir həkimi var, o da xəstədir - REPORTAJ (FOTOLAR)

Xəstəxananın cəmi bir həkimi var, o da xəstədir -  REPORTAJ (FOTOLAR)
  26 Yanvar 2019    Oxunub:26876
İsmayıllının Lahıc qəsəbəsində 2011-ci ildə inşa edilən xəstəxana müasir avadanlıqlarla təchiz edilib. Tibb ocağında xəstələrin ambulator və stasionar müalicəsi üçün hər bir şərait yaradılsa da, ən böyük problem həkim çatışmazlığıdır. Xəstəxananın yeganə həkimi olan 82 yaşlı Sədrəddin İsgəndərov səhhətində yaranan problemə görə bir müddətdir işə çıxmır.
Azvision.az-ın əməkdaşları Lahıc xəstəxanasına baş çəkərək orada yaradılan şəraitlə tanış olublar. Xəstəxanın tibb bacısı Pərvin Əliyeva baş həkimin məzuniyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, hazırda xəstəxanada 4 həkim yeri boşdur. P.Əliyevanın sözlərinə görə, əmək haqqının az olmasını səbəb gətirən gənc kadrlar burada işləmək istəmirlər.



"Ginekoloq, stomatoloq, pediatr, terapevt yerləri boşdur. Həmçinin laboratoriya, UZİ həkimi də yoxdur. Bundan əlavə, 4 tibb işçisi yeri boş qalır. Hazırda xəstəxanada 4 tibb işçisi, 3 mamaça işləyir. Stomatoloq ötən ilə qədər var idi, lakin həkim burada kirayə qaldığı üçün əmək haqqı çatmırdı. Sumqayıtdan terapevt gəlmişdi, kirayə qalırdı. Lakin aldığı maaşla nə ailəsini saxlaya bilirdi, nə də kirayə haqqını çatdırırdı, ona görə də buradan getdi", - deyə P.Əliyeva qeyd edib.



Tibb bacısı deyib ki, Lahıc qəsəbəsindən Tibb Universitetini oxuyub, hazırda Bakıda müxtəlif özəl və dövlət xəstəxanalarında çalışan 4-5 istedadlı mütəxəssis var: "Onlar da maaşa görə, Lahıca gəlmək istəmirlər".



"Burada 200-210 manat maaş verilir, buna heç kim qane olmur. Kimsə xəstələnəndə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, ya da paytaxta gedir. Təcili olanda baş həkim baxır, mən də köməyə çatıram. Təcili doğuşlar olanda mamaça edir, amma digər doöuşlar Mərkəzi Xəstəxanada olur. İndi baş həkimin özü də xəstədir, ona görə işə çıxmır. Yəqin ki, bundan sonra da gəlməyəcək. Kadr çatışmazlığı barədə dəfələrlə Səhiyyə Nazirliyinə məlumat vermişik".



P.Əliyeva vurğulayıb ki, 82 yaşlı Sədrəddin İsgəndərov işə çıxmasa, xəstəxana bağlana bilər. "Burada texniki işlərdə çalışan əməkdaşlar var. Xəstəxana bağlansa, 25 nəfər işsiz qala bilər. Onlar qəsəbə sakinləridir və aldıqları maaşla ailə saxlayırlar. Xahiş edirik, problem tezliklə həll edilsin, bura həkim gəlsin".

Qeyd edək ki, 2011-ci ildə inşa edilən xəstəxana 15 çarpayılıqdır.






























Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Lahıc   Xəstəxana  





Xəbər lenti