Ötən il Şabranda 3420 sürücü cərimələnib

   Ötən il Şabranda 3420 sürücü cərimələnib
  26 Yanvar 2019    Oxunub:3339
Şabran rayonunda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində Dövlət Yol Polisi Bölməsi əməkdaşları böyük səylə çalışırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qış ayları ilə əlaqədar olaraq inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə görülən zəruri tədbirlər barədə danışan Şabran RPŞ-nin DYPB-nin rəisi, polis kapitanı Nazim Kərimov geridə qoyduğumuz 2018-ci il ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları və inzibati qaydada məsuliyyətə cəlb olunan sürücülər barəsində də məlumat verdi.

Polis kapitanı bildirdi ki, qeyd olunan müddət ərazində rayon ərazisində qayda pozan sürücülər barəsində 3420 inzibati protokol tərtib edilib ki, onlarda 111-i əks hərəkət zolağına çıxmaqla manevr etmə və ötmə qaydasını pozan, 134-ü isə sərnişin daşıma qaydalarını pozan sürücülər barəsindədir. Həmçinin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsində 74, işıqforun tələbini pozan 78 və yol ayrıcı qaydasını pozanlar barəsində 264 protokol tərtib olunub.

Sürücülər arasında aparılan profilaktiki söhbətlərin müsbət nəticələr verdiyini bildirən polis kapitanı, sərxoş halda nəqliyyat vasitəsini idarə edərək özünün və başqalarının həyatı üçün təhlükə törədənlərin sayında azalma olduğunu bildirdi. O daha sonra rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verərək dedi ki, qeyd olunan müddətdə Şabran rayonu ərazisində 5 yol nəqliyyat hadisəsi baş verib, hadisələr zamanı 2 nəfər dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Polis kapitanı Nazim Kərimov onu da qeyd etdi ki, DYPB-nin əməkdaşları tərəfindən yalnız sürücülər arasında deyil, mütəmadi olaraq rayon və kəndlərdə yerləşən təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlər keçirilir, məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları haqqında geniş məlumatlar verilir.



Azvision.az


Teqlər: DİN   Şabran   DYP  





Xəbər lenti