“Qanunsuz əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq” - Fuad Ələsgərov

 “Qanunsuz əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq” -   Fuad Ələsgərov
  29 Yanvar 2019    Oxunub:7901
Xəbər verdiyimiz kimi, yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov kollegiya iclasında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2018-ci ildə də dinamik şəkildə inkişaf etdiyini, dünyada və bölgədə baş verən neqativ tendensiyalara, qlobal proseslərə baxmayaraq, Azərbaycanın müstəqillik yolu ilə inamla irəlilədiyini, hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosialyönümlü proqramların uğurla həyata keçirildiyini qeyd edib.

Ötən il Azərbaycan Polisinin 100 illiyinin böyük təntənə ilə qeyd edilməsini təkcə daxili işlər orqanlarının deyil, xalqımızın da həyatında əlamətdar hadisə kimi dəyərləndirən Fuad Ələsgərov dövlətimizin başçısının Azərbaycan polisini güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatı kimi qiymətləndirdiyini bildirib.

Fuad Ələsgərov cinayətlərin açılması, axtarışda olan şəxslərin tutulması, cinayətkar qrupların vaxtında zərərsizləşdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alverinə qarşı mübarizə və yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində aparılan tədbirlərin ötən il də səmərəli olduğunu, bu sahədə əldə edilmiş müsbət nəticələrini yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz diqqəti sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun yenilənməsi, əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də zəruri işlər görülmüşdür.

F.Ələsgərov xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.

F.Ələsgərov bugünkü Azərbaycanın ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ərsəyə gəlmiş güclü, öz sözünü deməyə, hər cür dağıdıcı qüvvələrin lazımi cavabını verməyə qadir olan bir dövlət olduğunu, bu dövlətin Heydər Əliyevin bizə qoyub getdiyi yadigar olduğunu bildirmişdir. Hansısa destruktiv qüvvələrin ölkəmizi öz inkişaf istiqamətindən döndərməsinə imkan verilməyəcəyini vurğulamışdır.

Daxili İşlər Nazirliyinin rəhbərliyi altında polis əməkdaşlarının ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrin öhdəsindən hər zaman layiqincə gəldiyini, bu gün də daxili işlər orqanlarının qətiyyətli mövqedə olduğunu, mümkün təxribatların qarşısınının alınmasında hər zamankı kimi peşəkarlıq və təmkinlik nümayiş etdirdiyini bildirmişdir.

Azvision.az


Teqlər: Fuad-Ələsgərov   DİN   Kollegiya  





Xəbər lenti