“Əlimə silah alıb döyüşlərə getmək istəyirdim” - Şəhid anası

  28 Yanvar 2019    Oxunub : 2517
 “Əlimə silah alıb döyüşlərə getmək istəyirdim” - Şəhid anası
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Görüşdə şəhid anası İbadət Əliyeva çıxış edərək bildirib:

- Hörmətli cənab Prezident. İlk növbədə, biz şəhid ailələri Sizinlə bu mötəbər görüşümüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri Sizin daimi diqqətinizdəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk. Sizin rəhbərliyinizlə Ordumuzun Aprel döyüşlərindəki qələbəsi mənə o qədər qürur verib ki, hətta özüm əlimə silah alıb bu döyüşlərə getmək istəyirdim. Hər dəfə Cocuq Mərcanlının inkişafını, qısa müddətdə bu qəsəbənin belə müasir tipli olmağını görəndə mən qürur hissi keçirirəm, çox sevinirəm. İnanıram ki, tezliklə torpaqlarımız alınandan sonra bütün bölgələrimiz, bütün şəhərlərimiz bu cür inkişaf edəcək, bu cür çiçəklənəcək.

Eyni zamanda, biz şəhid ailələrinə Sizin daim diqqətinizi və qayğınızı görürük. Biz Sizə, birinci xanım, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Şəhid ailələrinə bu diqqət və qayğınıza, bizim sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Sizlərdən çox razıyıq.

Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular, qaya kimi dayandılar onların qabağında. Mən inanıram ki, xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi qorumağa hazırdır.

Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar və biz bunu öz üzərimizdə də görürük. Sizin imzaladığınız humanist Fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir, dayaqdır. Biz inanırıq ki, bu tədbirlər daha da çox, daha da uzunmüddətli olacaq. Bilirik ki, müharibə olan dövlətlərdə mütləq şəhidlər də olur. İnanırıq ki, biz öz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. Biz bilirik ki, bunun üçün bizim xalqını, Vətənini, torpağını sevən belə bir Prezidentimiz var. Bizim Prezidentə mən “Çox sağ ol!” deyirəm, minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, gördüyünüz işlərdə və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun.

***


Daha sonra şəhid atası Şirvan Nüsrətov deyib:

- Hörmətli Prezident, cənab Ali Baş Komandan. Siz Azərbaycanı qüdrətli dövlətə çevirmisiniz. Azərbaycanın güclü ordusu var. Əminəm ki, biz Qarabağ məsələsini Allahın köməyi, Sizin səylərinizlə həll edəcəyik.

Cənab Prezident, mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur. Sizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərmisiniz və göstərirsiniz. Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik. Sağ olun, var olun. Allah Sizə ömür versin.

***


Şəhidin həyat yoldaşı Vərziyar Əliyeva:

- Möhtərəm cənab Prezident. Bu gün vaxt ayıraraq biz şəhid ailələrini qəbul etdiyinizə görə şəhid polislərin ailələri adından Sizə öz təşəkkürümü bildirirəm. İmzaladığınız Fərmana görə şəhid ailələri, şəhid polislərin vərəsələri Sizə minnətdardırlar. Bu, bizim ailələrə çox böyük kömək olacaq.

Mən Xocalı aeroportunun müdafiəsi zamanı şəhid olmuş Əliyev Əbülfət Əli oğlunun həyat yoldaşıyam, özünümüdafiə batalyonunun döyüşçüsü Hüseynov Mürşüd Səməd oğlunun qızıyam. Mərhum Prezidentimiz, -Allah rəhmət eləsin, - Heydər Əliyev yoldaşımı ölümündən sonra “İgidliyə görə” medalı, atamı isə, - bütün Xocalı camaatı bilir ki, o, əlindəki beşatılanla neçə-neçə düşməni məhv edib, döyüşlərdən birində ürəyindən aldığı güllə yarasından qəhrəmancasına şəhid olub, - “Azərbaycan bayrağı” ordeni ilə təltif edib. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Bizim o məşəqqətli, yurd-yuvamızı, ailə başçılarımızı itirdiyimiz günlərdə ulu öndərimiz Heydər Əliyev bizim səsimizə, həmvətənlərimizin səsinə səs verərək hakimiyyətə gəldi və bizi böyük bəlalardan qurtardı, ən əsası isə müstəqilliyimizi qorudu, suveren bir dövlət qurdu. Amma Siz isə, möhtərəm Prezidentimiz, öz xanımınızla çiyin-çiyinə, - mən birinci xanımımız Mehriban Əliyevaya da öz təşəkkürümü bildirirəm, - çox böyük işlər görmüsünüz. Biz bütün şəhid polislərin ailələri bunları izləyirik, hər ikinizə “Sağ ol!” deyirik. Sizin gördüyünüz bütün abadlıq-quruculuq işlərini təkcə Bakıda yox, bütün regionlarda müşahidə edirik. İndi bölgələrimiz Bakıdan heç də seçilmir. Buna baxmayaraq, bəzi ünsürlər nümayişə çıxır. Biz onlara qətiyyətlə “Yox!” deyirik. Biz şəhid polislərin ailələri Sizin arxanızda möhkəm durmuşuq. Nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, bizim Prezidentimiz İlham Əliyevdir. Biz həmişə Sizin arxanızdayıq. Biz qadınlar, analar istəyirik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Əgər sülh yolu ilə olmasa, Azərbaycanın böyük, qüdrətli Ordusu var, Həcər qeyrətli qadınlarımız var. Biz Xocalıda dörd il müharibə şəraitində yaşamışıq. Atışma səsi eşidəndə biz qadınlar da həmin tərəfə yüyürürdük. Amma dörd il mühasirədə qalandan, son gülləmiz də qurtarandan sonra ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını yerlə-yeksan etdilər.

Mən uzun danışmaq istəmirəm, cənab Prezident, biz Sizin arxanızdayıq, Sizinlə qürur duyuruq. İnanırıq ki, torpaqlarımız alınacaq və biz doğma yurd-yuvamıza qayıdacağıq. Mərhum Prezidentimiz Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, biz azərbaycanlıyıq.

***



Şəhidin vərəsəsi Sevinc Quluzadə isə çıxışında qeyd edib:

- Möhtərəm cənab Prezident. Bizimlə bu səmimi görüş üçün Sizə təşəkkür edirik. Sizə şəxsən təşəkkür edə bildiyim üçün bir Azərbaycan vətəndaşı, bir gənc olaraq qürur hissi keçirirəm. Siz və birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Buna görə Sizə təşəkkür edirəm, Sizə və ailənizə cansağlığı, uzun ömür arzu edirəm.

Mən bu gün bir vətəndaş, bir şəhid vərəsəsi kimi bir daha əmin oldum ki, Sizin siyasətinizin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır. Bir daha əmin oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər şeydən üstün tutulur və Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan Prezidenti qədər yaxın olan başqa biri yoxdur. Bu gün imzaladığınız Fərmana görə mən və mənim kimi minlərlə şəhid vərəsəsi birdəfəlik ödəməni ala biləcəyik. Buna görə, əlbəttə, çox şadam, sevincimin həddi-hüdudu yoxdur. Mən Sizə həm öz adımdan, ailəmiz adından, həm də digər şəhid vərəsələri adından təşəkkür edirəm. İmzaladığınız Fərmana əsasən həm də vaxtilə sığorta ödənişi almış şəhid vərəsələri də birdəfəlik ödəmə ilə təmin olunacaqlar. Belə bir humanist qərar qəbul etdiyiniz üçün çox sağ olun.

Biz hər zaman Sizin humanistliyinizə inanmışıq. Sizin humanistliyiniz bu Fərmanda bir daha öz təsdiqini tapdı. Siz Azərbaycanımızı hər zaman böyük qələbələrə doğru aparmısınız. Bir vətəndaş olaraq bu inkişaf prosesini müşahidə etdikcə təbii ki, fəxr edirik. Ölkəmizi inkişafda, dövlətimizi güclənməkdə görmək bir gənc olaraq məndə iftixar hissi doğurur. Hazırda qardaşım əsgərdir və torpaqlarımızın keşiyində böyük şərəflə durur. Mən inanıram ki, Sizin rəhbərliyinizlə Ordumuz tezliklə Qarabağımızı azad edəcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildirirəm. Azərbaycanın əmin-amanlıq içində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzu edirəm. Çox sağ olun, möhtərəm Prezident!

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Şəhid