Azərbaycan baletinin unudulmaz Leylası - FOTOLAR

  29 Yanvar 2019    Oxunub : 2174
Azərbaycan baletinin unudulmaz Leylası - FOTOLAR
Bu gün Xalq artisti, Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından olan Leyla Vəkilovanın doğum günüdür.
Azvision.az xəbər verir ki, Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb.

1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.



Yüksək səhnə mədəniyyətinə və ifa texnikasma malik olan sənətkar ilk dəfə səhnədə R.M.Qlierin “Qırmızı lalə” baletində Tao Xoa rolunu oynayıb. Onu da qeyd edək ki, Leyla xanım ilk dəfə olaraq səhnədə milli rəqslərimizə xas olan elementləri klassik rəqs texnikası ilə birləşdirib. Onun sənət müəllimi Qəmər Almaszadə uğurları haqqında belə deyib “Əhsən, sən məndən də irəli gedəcəksən,”.

Sənətkarın milli baletdə oynadığı ilk rol isə 1947-ci ildə Gülyanaq (Qız qalası, Əfrasiyab Bədəlbəyli) olur. Leyla xanımdan öncə isə “Gülyanaq” ı müəlliməsi , görkəmli balerinamız Qəmər Almaszadə oynayıb.

Daha sonra isə Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində, Odetta-Odilliya, Avrora, Mulla ("Sonalar gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Gülşən ("Gülşən", Soltan Hacıbəyov), Aişə, Sari ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan), Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov) partiyalarını ifa edib.



Qara Qarayevin “Yeddi gözəl” əsərinə quruluş verən P.Qusev ballerina haqqında heyrətamiz fikirlər səsləndirib: “Əla rəqqasə, qıvraq, möhkəm… hər şey canlandı, başqa bir aləm yarandı”.

Hərəkətlərinin çevikliyi və zərifliyi ilə seçilən balerinamızın səhnədə canlandırdığı sonuncu rolu 1972-ci ildə “Yeddi gözəl”baletindən Aişə obrazı olur.

Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

O, Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslavakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.



Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində kiassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib.

Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru olub. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər.

Leyla Vəkilova 1999-cu ildə fevralın 20-də Bakıda Fəxri xiyabanda dəfn olunub.











Şahanə Rəhimli
Azvision.az

Teqlər: Leyla-Vəkilova   Balet