“Yüzdən çox uşağa siqareti tərgitdirmişəm” - Kamil Cəlilovla söhbət

“Yüzdən çox uşağa siqareti tərgitdirmişəm” -  Kamil Cəlilovla söhbət
  29 Yanvar 2019    Oxunub:5688
Bu gün tanınmış qaboy ustası, "Şöhrət" ordeni fəxri adına layiq görülən Kamil Cəlilovun doğum gündür. Xalq artisti 81 yaşını qeyd edir.

Azvision.az-ın əməkdaşı özəl günündə sənətkarla həmsöhbət olub.
- Kamil müəllim, 81 yaşında özünüzü necə hiss edirsiniz?

- Bəli, bu gün 81 yaşım tamam olur. Ancaq özümü 15 yaşında oğlan kimi hiss edirəm. Bilirsiniz niyə? Çünki, həmişə xeyirxah olmuşam, insanların dərdlərinə şərik çıxmışam. Bu da xoş əhval- ruhiyyədə olmağıma kömək edib.

- Deyirlər, yaş kişinin var-dövlətidir. Sizi varlı kişi hesab etmək olar?

- Əsas məsələ bundadır ki, insana kənardan mənfi təsir olmasa, 100 ildən çox yaşaya bilir. Yetər ki, xainliklə, paxıllıqla qarşılaşmasın, övlad dərdi, ağrı çəkməsin. Mənim üçün var-dövlət budur.

- Ömür yolunuzu necə müəyyən edirsiniz?

- Hər gün işləyirəm, axtarışlar edirəm. Yaradıcı insan başqa bir şey düşünmür. Onu Allahın verdiyi istedad maraqlandırır. Mənim kimi insanlar yatanda da, duranda da ancaq istəyirlər ki, nəsə yaratsınlar, insalara xeyir versinlər.

Düşünməyin ki, yaşım getdi, qocaldım. Bunların hamısı boş söhbətlərdir. Hər yaşda istedad zəhmət tələb edir. İstedadın qayğısını çəkəndə insanlara faydan dəyir, onlara mənəvi qida verirsən.



- 81-dən geriyə boylansaq, hansı yaş dövrünüzün xatirələri sizə daha əzizdir?

- 1941-45-ci illərin müharibə dövrünü xatırlayıram. Müharibədən çıxan digər ailələr kimi kasıb idik. Üstəlik, atam müharibədən əlil qayıtmışdı. İki ayağı şikəst idi. Mən atamı qucağımda gəzdirirdim. Ailəyə bağlı insan olmuşam. Anamı, atamı, məndən kiçik uşaqların hamısını çox istəmişəm. Bu xatirələr tez-tez yadıma düşür.

Çox həlim insanam. Niyyətim həmişə insanlara kömək etmək olub. Görsəm ki, kimsə yıxılıb, tez onu qaldırmaq istəyirəm. Bəlkə də bu xasiyyətimə görə, bu gün həyatdayam, bu yaşa çatmışam. Xeyirxahlıq, həlimlik mənə güc verib. Yerdəki balaca cücünü də tapdalamıram. Bu boyda sənətkaram, dünya tanıyır. Ancaq özümü sadə aparmağı borc bilirəm. Uşağın da qabağına düşüb ona nə lazımdırsa, edirəm. Uşaq elə bir şeydir ki, Allah yaradıb, heç nə bilmir. Gərək onu yaxşı geyindirəsən, yedizdirəsən, xətrinə dəymiyəsən, düzgün tərbiyyə etməyi bacarsan. Bunların hamısı valideyndən asılıdır. Bəzən 13-14 yaşlı uşaq görürəm ki, siqaret çəkir. Yaxınlaşıb acıqlanıram. Deyirəm, at yerə, sənin axırın nə olacaq? Axı, sən bizim gələcəyimizsən, səndən yaxşı alim ola bilər. Yaxşı bir insan ola bilərsən. 50-100-dən artıq uşağa siqareti tərgitdirmişəm. İnsan gərək həmişə xeyirxah olsun. Deyir, iynəni özünə batır, səni ağrıdırsa, deməli, qarşındakını da ağrıdır. O da insandır.



- İnsandan, ağrıdan, acıdan danışdıq. Kamil müəllimin ürəyinin sarı simini kim və ya nə tərpədə bilər?

- Mən yol ilə gedəndə insanlar məni tanıyır, bağırlarına basırlar. Bu məhəbbət məni tərpədir, göylərə qaldırır. Hiss edirəm ki, insanlara mənəvi dayaq olmuşam, xeyir vermişəm, ruhunu ələ almışam. Həkim var deyir ki, əməliyyat edəndə sizin musiqilərə qulaq asıram, əsəblərim sakitləşir. Bunları eşitmək mənə ləzzət edir.

Rəssam Mikayıl Abdullayev xətrimi çox istəyirdi, mənim də ona hörmətim var idi. Bir dəfə görüşəndə mənə dedi ki, "mən sənin musiqilərinə qulaq asaraq emalatxanamda elə gözəl işləyirəm ki. Sənin çalğıların məni dünyanın o başına aparır, onların sədası altında gözəl rəsmlər çəkirəm". Belə şeyləri görəndə ürəyim sevinir. Çoxları deyirlər ki, televiziyada görünmürsünüz, yoxsunuz. Deyirəm ki, çağırmırlar, məni saymırlar. Paxıllıq, xainlik var. O qədər belə şeylər var ki. Biri yaxşı iş görəndə onun qabağın kəsirlər ki, insanlara xeyir verməsin.



- Bu gün özünüzü hansı ifanızla təbrik edərdiniz?

- İndiyə qədər muğamlar, ritmik havalar çalmışam, onları dinləyəndə zövq alıram. Çalışıram ki, yaratdığım musiqilər özümün olsun, özümü kiməsə oxşatmayım, kimdənsə nəsə götürməyim. Musiqilərdə özümü tapmaq istəyirəm. Başqa möhtaclığım yoxdur.

- Nəvələriniz sizi necə təbrik etdilər?

- Nəvəm də var, nəticəm də. İndi qızımgildəyəm. Zəhra adlı nəvəm var. Yuxudan duran kimi üstümə qaçıb məni qucaqladı. Təzə yuxudan durmuşdum, nə baş verdiyini anlamadım. Dedim, nə olub? Dedi, sənin ad günündür. Yadımdan çıxmışdı ki, bu gün ad günümdür.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kamal-Cəlilov  





Xəbər lenti