Misir səfiri İlahiyyat İnstitutunda olub

Misir səfiri İlahiyyat İnstitutunda olub
  29 Yanvar 2019    Oxunub:1771
Misirin Azərbaycandakı Adel İbrahim Ahmed İbrahim Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, rektor Ceyhun Məmmədov səfir Adel İbrahim Ahmed İbrahimi salamlayaraq, Misirin təhsil müəssisələri ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasından və onların təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

C.Məmmədov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasətin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Prezident İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən rektor, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına diqqət verildiyini qonağın nəzərinə çatdırıb. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında bəhs edən İnstitut rəhbəri hazırda İslamşünaslıq və Dinşünaslıq sahələri üzrə tələbə qəbulu həyata keçirildiyini vurğulayıb.

Daha sonra səfirə məlumat verilib ki, Aİİ-də tələbələr müasir sosial elmlərin metodları əsasında tədris olunan İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları ilə də yaxından tanış olurlar; həmçinin bildirilib ki, İnstitutda dini elmlərlə yanaşı, Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm və digər sosial, humanitar elmlərin tədrisi həyata keçirilir.

Sonra səfir Adel İbrahim Ahmed İbrahim çıxış edərək, Azərbaycanda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını qeyd edib.

Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini vurğulayan səfir Aİİ-yə fəaliyyətində uğurlar arzulayıb. O, ali təhsil müəssisəsində İslamla yanaşı, digər dünya dinlərinin tədris edilməsini, o cümlədən Fəlsəfə, Sosiologiya, Məntiq, Tarix kimi dünyəvi fənlərin keçirilməsini böyük maraqla qarşıladığını ifadə edib.

Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi, birgə seminarların təşkili və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra səfir Adel İbrahim Ahmed İbrahim İnstitutun kitabxanasını ziyarət edib. Kitabxana Fondunun zənginliyindən heyranlığını ifadə edən səfir ərəb dilində yazılı ədəbiyyata xüsusi maraq yetirib.

Azvision.az


Teqlər: İlahiyyat   İnstitut   Səfir  





Xəbər lenti