Mey yeni "Brexit" danışıqlarına hazırlaşır

 Mey yeni "Brexit" danışıqlarına hazırlaşır
  29 Yanvar 2019    Oxunub:3224
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün nazirlər kabinetinin üzvlərinə bildirib ki, ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişi üzrə parlamentin dəstəyini qazanmaq üçün sazişlə bağlı Brüssellə yenidən danışıqlara başlanılmalıdır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin sözçüsü Ceyms Slek bildirib.

“Baş nazir dedi ki, parlamentin İcmalar Palatasının dəstəyini qazanmaq naminə İrlandiya ilə sərt sərhəd rejiminin qarşısını almağa dair sığorta siyasəti üçün hüquqi dəyişikliklərə ehtiyac var. Bu isə “Brexit” sazişi mətninə yenidən baxılması deməkdir” - Slek vurğulayıb.

Lakin Avropa İttifaqı lap əvvəldən bəyan edib ki, “Brexit” sazişinə yenidən baxılmayacaq və onun bu mövqeyi dəyişməzdir.

Bundan əvvəl Britaniyanın daxili işlər naziri Sacid Cavid bildirmişdi ki, əgər ölkəsi Avropa İttifaqını heç bir saziş imzalanmadan tərk edərsə, onda keçid dövrü bitəndən sonrakı 3 aydan başlayaraq İttifaq vətəndaşlarının Britaniyaya sərbəst hərəkətinə qadağa qoyulacaq və onlara qarşı viza rejimi tətbiq ediləcək.

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya   İrlandiya  





Xəbər lenti