445 gömrükçü işdən çıxarılıb, 417 nəfərin vəzifəsi yüksəldilib

 445 gömrükçü işdən çıxarılıb, 417 nəfərin vəzifəsi yüksəldilib
  30 Yanvar 2019    Oxunub:2205
Ötən il gömrük sistemində aparılan struktur dəyişiklikləri ilə əlaqədar kadr potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunması işi həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidmət general-mayoru İsmayıl Hüseynov deyib.

Komitə sədrinin müavini bildirib ki, 2018-ci ildə 382 nəfər işə qəbul edilib, 445 nəfər əməkdaş işdən azad olunub, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə təyin edilib, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib.

O qeyd edib ki, kadr islahatlarının davamı olaraq Dövlət Gömrük Komitəsi sistemində kadrların düzgün seçilməsi, yerləşdirilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlardan istifadə etmək mümkünlüyünün aşkara çıxardırlması və peşə səriştəliyinin artırılmasının stimullaşdırılması məqsədilə muvafiq qanunvericiliyə uygun olaraq 1446 əməkdaşın Komitə sədrinin müvafiq sərəncamı ilə attestasiyası keçirilib.

İ.Hüseynovun sözlərinə görə, komitəyə daxil olmuş müraciətlər, audit yoxlamaların nəticələri və vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərə dair xidməti araşdırmalar aparılıb, araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric edilib, 5 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilmiş, 46 nəfərə irad tutulub.

Şəffaflığın təmin edilməsi və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər nəticəsində aşkar olunan hallar üzrə 4 nəfər gömrük orqanlarından xaric edilib, daxil olmuş materialların araşdırılması zamanı əməllərində cinayət tərkibi olduğu ehtimal edilən 17 gömrük orqanı əməkdaşı barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti