10 milyona yaxın məktub ünvanına çatdırılıb

  30 Yanvar 2019    Oxunub : 880
10 milyona yaxın məktub ünvanına çatdırılıb
2018-ci ildə “Azərpoçt” MMC tərəfindən qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 9 milyon 966 min 71 ədəd təşkil edib.
“Azərpoçt”dan Azvision.az -a verilən məlumata görə, bunlardan 1 milyon 816 min 196 ədədi sadə, 8 milyon 149 min 875-i isə sifarişli olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz, yəni 156 min 693 ədəd çoxdur.

Artım ötən il mübadilə olunan beynəlxalq sadə məktub, eləcə də banderolların sayında da nəzərə çarpıb. Bu göndərişlərin sayı 99 min 715 ədəd təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz, yəni 5 min 663 ədəd çoxdur. Bununla yanaşı, 2018-ci ildə sifarişli məktub və banderolların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz, yəni 2012 ədəd artaraq 49 min 948 ədəd təşkil edib. Eləcə də beynəlxalq kiçik paketlərin sayı 24 min 650 ədəd olub ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 29,1 faiz, yəni 5 min 549 ədəd çoxdur. Qeyd edək ki, 2018-ci ildə daxil olan beynəlxalq kiçik paketlərin sayı 1 milyon 266 min 123 ədəd təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz, yəni 389 min 614 ədəd çox olub.

2018-ci ildə “Azərpoçt” MMC tərəfindən mübadilə olunan daxili bağlamaların sayında da artım müşahidə olunub və 96 min 2 ədəd təşkil edib. Bu rəqəm 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, yəni 11 min 408 ədəd çoxdur. Analoji vəziyyət beynəlxalq bağlamaların sayında da nəzərə çarpır. “Azərpoçt” vasitəsilə 15 min 757 ədəd beynəlxalq bağlama göndərilib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz, yəni 3 min 339 ədəd çoxdur. Daxil olan beynəlxalq bağlamaların sayı isə 35 min 394 ədəd təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz, yəni 2 min 444 ədəd çoxdur.

Beynəlxalq əlaqələrini günü-gündən inkişaf etdirən “Azərpoçt” MMC Honkonq şirkəti ilə bağlanan müqavilə əsasında 2018-ci il ərzində adı çəkilən ölkədən 365 min 392 kq, yəni 349 min 610-u sifarişli və 3 milyon 903 min 303-ü sadə kiçik paket olmaqla 4 milyon 252 min 913 ədəd poçt həcmi gətirilərək tranzit mərkəzdə emal edilib. Buradan isə dünyanın 16 ölkəsinə – ABŞ, Almaniya, Avstriya, Belarus, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Qazaxıstan, Lüksemburq, Rusiya Federasiyası, Türkiyə, Ukraynaya göndərilib.

Azvision.az

Teqlər: Azərpoçt   Məktub