“Azərbaycan xalqı heç vaxt radikal olmayıb” - PA rəsmisi

  31 Yanvar 2019    Oxunub : 2196
 “Azərbaycan xalqı heç vaxt radikal olmayıb” - PA rəsmisi
"Azərbaycanda dövlət dinə qarşı deyil, ölkəmizdə dövlət dinlə mübarizə aparmır. Nə dövlət, nə də cəmiyyət dinə qarşı ola bilər. Biz Azərbaycanda radikalizmə qarşı olmuşuq".
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, radikalizm Azərbaycan xalqına məxsus olan hal deyil. "Tariximizə nəzər salsaq, görərik ki, azərbaycanlılar heç zaman dini müharibələrdə iştirak etməyib. Hətta Babəkin rəhbərliyi ilə aparılan Xürrəmilər hərakatı da azadlıq uğrunda aparılan mübarizə olub. Sovet dövründə bunu islam dininə qarşı aparılan mübarizə kimi təqdim ediblər. Azərbaycan xalqı heç zaman radikal olmayıb".

P.Cahangirov qeyd edib ki, dövlət tərəfindən dinə qarşı hər hansı basqının olmasından söhbət gedə bilməz: "Azərbaycan cəmiyyətinə radikalizm xas deyil. Düzdür, dövlət orqanları olaraq, radikalizmə qarşı mübarizə aparılır. Ayrı-ayrı şəxslərin radikal düşüncələri ola bilər. Amma Azərbaycanda kütləvi hal olaraq dini radikalizm yoxdur. Buna yalnız cəhdlər edilir. Radikalizmə yoluxanlar əsasən gənclər olur. Yoluxucu xəstəliyə qarşı ən yaxşı peyvənd təhsildir. Təhsil ən gözəl preventiv addımdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: