Şirinov qardaşları Dövlət Komitəsində olublar

  01 Fevral 2019    Oxunub : 1218
Şirinov qardaşları Dövlət Komitəsində olublar
Ukraynanın Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və Sabir Şirinov qardaşları fevralın 1-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olublar.
Bu barədə Azvision.az -a Dövlət Komitəsindən məlumat verilib.

Göstərdikləri qəhrəmanlığa görə Dövlət Komitəsinin kollektivi adından qardaşları təbrik edən DİDK sədrinin birinci müavini Valeh Hacıyev bu şücaətin bütün Azərbaycan xalqı adına yazıldığını vurğulayıb. Bildirib ki, bu hadisə Azərbaycan xalqının cəsarətli, mübariz və dürüst xalq olduğunu bir daha sübut etdi. Göstərilən qəhrəmanlığa görə artıq Ukraynada bir sıra mükafatlar alan Şirinovlar üçün ən böyük təltif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülmələridir.

Bildirilib ki, bu, dövlətimizin başçısının hər bir azərbaycanlının Prezidenti olduğunu və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın arxasında güclü Azərbaycan dövlətinin dayandığını göstərir.

Azərbaycan dövləti tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edən Şirinov qardaşları hadisə ilə bağlı təəssüratlarını bölüşüblər. Umud Şirinov deyib ki, avtomobildəkilərin kimliyini düşünmədən, məhz insanlıq naminə bu addımı atıblar.

Ukraynada böyük rəğbətlə qarşılanan Şirinov qardaşlarının qəhrəmanlığı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən də mükafatlandırılıb, onlara Fəxri diplomlar təqdim olunub.

Azvision.az

Teqlər: Şirionov   Komitə