“QİÇS-ə yoluxan məhkumların sayı 7 faiz azalıb” - Ədliyyə Nazirliyi

“QİÇS-ə yoluxan məhkumların sayı 7 faiz azalıb” -   Ədliyyə Nazirliyi
  04 Fevral 2019    Oxunub:2114
"Penitensiar müəssisələrdə saxlanma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə ölüm hadisələrinin sayı 40%, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb".

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yoluxucu xəstəlik olan İİV və Hepatit C infeksiyaları ilə mübarizə istiqamətində bir çox işlər görülüb. Əvvəlki illə müqayisədə 2018-ci ildə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yeni aşkar edilən İİV-ə yoluxma halları 7 faizədək azalıb.

2007-ci ildən etibarən penitensiar müəssisələrdə cəza çəkən İİV/QİÇS-li xəstə məhkumlar ARV müalicəsi ilə əhatə olunurlar və indiyədək kumulyativ olaraq 810-dək məhkum müalicəyə cəlb edilib. Hazırda 351 şəxs müalicəsini davam etdirir, ARV müalicəyə cəlb edilməyə dair ÜST-ün tövsiyə etdiyi hədəf göstəricisi həddi (90%) aşılıb və ehtiyacı olan şəxslərin hamısına 100% spesifik tibbi tədbirlər təmin edilir.

Məlumatda qeyd edilib ki, ARV müalicəsini qəbul edən və cəza müddəti başa çatdığı üçün azadlığa buraxılan məhkumların müalicəsinin davam etdirilməsi məqsədilə onların yaşayış yeri üzrə regional QİÇS Mərkəzlərində qeydiyyata düşənə qədər 15 gün müddətinə dərmanlarla təmin edilməsi üzrə ardıcıl işlər görülür.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi   QİÇS  





Xəbər lenti