Polad Bülbüloğlu 74 yaşına çatdı... - FOTOLAR

  04 Fevral 2019    Oxunub : 1987
Polad Bülbüloğlu 74 yaşına çatdı... - FOTOLAR
Bu gün tanınmış müğənni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun doğum günüdür.
Azvision.az xəbər verir ki, Xalq artisti 74 illik yubileyini qeyd edir.

Özünə soyad kimi atasının ləqəbinigötürən Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Məşhur müğənni Bülbülün (Murtuza Məmmədov) ailəsində doğulan Poladın uşaqlıq dövrü Bakı ilə yanaşı, həm də “Qafqazın konservatoriyası” - Şuşada keçib. İlk dəfə böyük səhnəyə 1960-cı ildə - 15 yaşına çıxaraq, atasını müşayiət edib.



1962-ci ildə 17 yaşlı Polad ilk mahnılarını bəstələyir, bu mahnılardan birini də uşaqlıq dostu olan Müslüm Maqomayev üçün yazır. Müslüm və Polad Bakıda bir həyətdə böyüyən qonşular, eyni zamanda uşaqlıq dostları olublar. Musiqi məktəbinin fortepiano sinfini bitirən gələcək müğənni və bəstəkar Polad Bülbüloğlu daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, Moskvaya uzaq 60-cı illərin ortalarında gedir və bir müddət sonra oxuduğu mahnılarla bütün SSRİ məkanında pop-ulduza çevrilir. Lakin onun əsl ulduzu 1981-ci ildə Lev Durovla birlikdə çəkildiyi “Qorxma mən səninləyəm” filmi ilə parlayır. Bu ekran əsərində müğənni həm də parlaq aktyorluq istedadını nümayiş etdirir. Və bu film ona bütün keçmiş SSRİ məkanında uğur gətirir, tanıdır. Utancaq gəncdən əsl maçoya və gündəm xəbərlərinin qəhrəmanın çevrilən Polad Bülbüloğlu 1982-ci ildə Azərbaycanın Xalq artisti adına layiq görülür. Polad Bülbüloğluna bəstələri içərisində ona ən çox şöhrət gətirən isə “Gəl, ey səhər” mahnısı olur. Bu əsərlə Polad Bülbüloğlu böyükdən-kiçiyə hamının sevimli müğənnisi olmağı bacarır.

Polad Bülbüloğlu 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri kimi çalışıb.

1988-ci ildə o, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edilib. 1995-ci ildə həm də Milli Məclisinin deputatı seçilib.



2006-cı ildə mədəniyyət naziri postundan azad edilən Polad Bülbüloğlu həmin ildən indiyədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Bəstəkar geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.



Bəstəkar 25 yaşında özündən 12 yaş böyük məşhur opera müğənnisi Bela Rudenko ilə ailə həyatı qurub. “Sovet primadonnası” və “Ukrayna bülbülü” ləqəbi verilmiş Bela Rudenko ilə Polad Bülbüloğlunun oğlu dünyaya gəlib. 1975-ci ildə doğulan oğlana Teymur adı qoyulub. Lakin bu evlilik elə də uzun çəkmir. 12 ilin tamamında iki məşhur müğənni ayrılmalı olur. Bir müddət sonra Polad Bülbüloğlu Moskanı tərk edib Bakıya qayıtdı.



Qeyd edək ki, iki məşhur sənətkarın oğlu Teymur özünə babası Bülbülün adını soyad götürüb və bu ismi yaşadır. Teymur valideynlərinin sənətinin davam etdirərək, həyatını musiqiyə bağlayıb. O, professor Popovun rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib.

Polad Bülbüloğlu mədəniyyət naziri vəzifəsində işləyərkən ikinci dəfə ailə həyatı qurur. Məlumatlara görə, Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Və münasibətlər də buradan başlayıb. Bolad Bülbüloğlu Gülnarə Şıxəliyeva cütlüyünün iki övladı var. Ailənin böyük övladı qızdır. Leyla atasının yolu ilə gedir, belə ki, o, hazırda musiqi məktəbində oxuyur. Polad Bülbüloğlu oğluna atsının adını- Murtuza verib.



Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri işləyən Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.



O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib.







Azvision.az

Teqlər: Polad-Bülbüloğlu   Səfir