Bərdədə uşaqlarını küçəyə atan qadına cinayət işi açılıb

   Bərdədə uşaqlarını küçəyə atan qadına cinayət işi açılıb
  05 Fevral 2019    Oxunub:3362
Bərdə rayonunda 2 azyaşlı uşağını küçəyə atan qadınla bağlı cinayət işi açılıb.

Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı məlumat verib.
Bildirib ki, fakt əsasında təqsirləndirilən qadın barəsində Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi başlanıb: “Araşdırma gedir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

A.Qiyaslı vurğulayıb ki, uşaqların anadan alınıb uşaq evinə verilməsi ilə bağlı sənədlər hazırlanır: “Lakin hələ də yekun qərar yoxdur. Qadın və uşaqla bağlı yekun qərar verildikdən sonra işlər görüləcək”.

Məlumat üçün bildirək ki, 143-cü (Təhlükədə qoyma) maddəyə əsasən, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: DİN   Bərdə  





Xəbər lenti