“Sosial şəbəkələr ailələr üçün təhlükəlidir” - Hicran Hüseynova

  “Sosial şəbəkələr ailələr üçün təhlükəlidir” -    Hicran Hüseynova
  06 Fevral 2019    Oxunub:3238
"Bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu mənfi tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə, ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir"
Azvision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər” sərlövhəli məqaləsində yazıb.

Komitə sədri qeyd edib ki, ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün “Ailə Psixoloqu” İnstitutunun yaradılması qarşıda dayanan məsələlərdəndir.

"Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır".

H.Hüseynovanın sözlərinə görə, ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır.

"Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq", - deyə komitə sədri vurğulayıb.

Azvision.az


Teqlər: Komitə   Hicran-Hüseynova  





Xəbər lenti